QAN YADDAŞI
20 Yanvar faciəsinin ildönümü Misirdə də qeyd olunub
Qahirə, 19 yanvar, AZƏRTAC
Azərbaycanın Misirdəki səfirliyində 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Azərbaycan diasporunun nümayəndələrinin, Qahirə, Ayn Şəms və Əl-Əzhər universitetlərində təhsil alan tələbələrimizin iştirak etdikləri tədbirdə 20 Yanvar hadisələrini əks etdirən sənədli film nümayiş etdirilib. Filmdə Azərbaycan xalqının sovet rejiminə qarşı milli azadlıq mübarizəsi, 80-ci illərin sonundan başlayaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və 20 Yanvar faciəsinə aparan yol haqqında bəhs edilib. Keçmiş SSRİ-nin prezidenti M.Qorbaçovun əmri ilə sovet qoşunları tərəfindən 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş qanlı hadisələr barədə ətraflı məlumat verilib. 20 Yanvar hadisələrində sovet ordusunun istifadə etdiyi zorakılığın azərbaycanlıların nümayiş etdirdiyi müqavimətin səviyyəsinə mütənasib olmadığı və bu zorakılığın kütləvi cəzalandırma kimi qiymətləndirildiyi xüsusilə qeyd edilib.
Daha sonra səfir Tural Rzayev faciə barədə məlumat verərək 20 Yanvar tarixinin Azərbaycan xalqının yaddaşında silinməz iz qoyduğunu qeyd edib. O, sovet ordusunun öz azadlığını tələb edən və haqq səsini ucaldan Azərbaycan xalqının dinc etiraz nümayişlərinə qarşı ağır texnikadan və odlu silahlardan istifadə etdiyini vurğulayıb, 20 Yanvar əməliyyatı nəticəsində 147 insanın qətlə yetirildiyi və 700-dən artıq insanın yaralandığı barədə məlumat verib.
Həmçinin səfirlikdə tədbir iştirakçıları üçün 20 Yanvarla bağlı kitablardan və fotolardan ibarət sərgilər təşkil edilib.
Qanlı Yanvarla bağlı analitik yazılar, məqalələr, xəbərlər Misirin kütləvi informasiya vasitələrində dərc olunub.
Аsya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə