QAN YADDAŞI
20 Yanvar faciəsinin ildönümü Yekaterinburqda da qeyd edilib
Moskva, 21 yanvar, AZƏRTAC
20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar Yekaterinburqda anım tədbiri keçirilib. Azərbaycanın Yekaterinburqdakı Baş konsulluğu tədbiri Ümumrusiya Azərbaycanlılar Konqresinin Sverdlovsk vilayətindəki “Azərbaycan” ictimai təşkilatı və Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) ilə birgə təşkil edib.
Tədbirdə vilayət və şəhər administrasiyası, ictimaiyyət, Azərbaycan diasporu nümayəndələri, mədəniyyət xadimləri, bu şəhərdə akkreditə olunmuş diplomatik korpusun əməkdaşları, həmçinin Sverdlovsk vilayəti qanunverici məclisinin deputatları Mixail Klemenko, Valentin Savelyev və başqaları iştirak ediblər.
20 Yanvar faciəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, “Qanlı Yanvar” filmi nümayiş etdirilib.
Baş konsulun səlahiyyətlərini müvəqqəti icra edən İlqar İsgəndərov tədbir iştirakçılarına 20 Yanvar hadisələri haqqında məlumat verib. Qeyd edib ki, bu hadisələr faciəli olmaqla yanaşı, Azərbaycan xalqının tarixində şanlı səhifədir. Faciə qurbanları heç vaxt unudulmayacaq.
Vurğulanıb ki, 20 Yanvar hadisələri Azərbaycan xalqının iradəsini və milli-azadlıq ruhunu qıra bilməyib. Tariximizdə həm hüzn, həm də qəhrəmanlıq səhifəsi olan bu gündə dünya ictimaiyyəti azadlıq uğrunda mübarizədə xalqımızın sarsılmaz iradəsinin şahidi oldu.
Ural Federal Universitetinin professoru Aleksandr Nesterov baş vermiş hadisələrin səbəblərindən danışaraq Azərbaycan xalqının qürurunu və gücünü vurğulayıb. Onun sözlərinə görə, ölkəmizin hüdudlarından kənarda yaşayan azərbaycanlıların bu hadisə qurbanlarının xatirəsini yad etməsi xalqın böyüklüyünü sübut edir.
Çıxış edənlər Azərbaycan xalqının azadlıq mübarizəsinin şanlı səhifələrindən danışıblar.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva