QAN YADDAŞI
20 Yanvar hadisələri xalqımızın azadlıq uğrunda mübarizədə canından keçməyə hazır olduğunu sübut etdi VİDEO
Bakı, 18 yanvar, Xəyalə Məmmədova, AZƏRTAC
Yanvarın 18-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı tərəfindən 20 Yanvar faciəsi qurbanlarının xatirəsinin anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə əvvəlcə 20 Yanvar hadisələrinə dair film nümayiş olunub.
YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev məruzə ilə çıxış edərək tədbirin iştirakçılarının əksəriyyətinin gənclər olduğunu vurğulayıb, 20 Yanvar faciəsi ilə əlaqədar onların daha geniş məlumatlandırılmasının vacibliyini bildirib. O qeyd edib ki, təpədən-dırnağadək silahlanmış sovet ordusunun əliyalın, sadə vətəndaşlara qarşı qanlı qırğın törətməsi çökməkdə olan imperiya rəhbərliyinin əsl simasını açıb göstərdi. Bakıya bir neçə istiqamətdən edilən amansız hücumun təşkilində ermənilər xüsusilə fəallıq göstərirdilər. Bu qanlı qırğın nəticəsində 147 nəfər şəhid oldu, 700-dən çox insan yaralandı, 800-dən çox günahsız şəxs qanunsuz olaraq həbs edildi.
Vurğulanıb ki, Azərbaycanın müstəqillik tarixinə qanla yazılan 20 Yanvar faciəsinin əsas səbəbi o vaxtkı hakimiyyətin satqınlığı, rəsmi Moskvanın əlində oyuncağa çevrilməsi, habelə milli azadlıq hərəkatının önündə gedən şəxslərin xalqa doğru yol göstərə bilməməsi oldu. O zaman Bakı ilə yanaşı, respublikamızın bir sıra bölgələrində də qırğınlar törədildi.
Qeyd olunub ki, bu qanlı hadisəyə ilk və ən kəskin münasibəti məhz xalqımızın ümummilli lideri, həmin dövrdə Moskvada yaşayan Heydər Əliyev bildirdi. Ulu öndər Heydər Əliyev özünün və ailə üzvlərinin həyatının təhlükə altında olmasına baxmayaraq, kəskin bəyanatla çıxış edərək Sovet İttifaqı rəhbərliyini Bakıda qanlı qırğın törətməkdə ittiham etdi. Faciəyə ilk siyasi qiymət də məhz ümummilli lider Heydər Əliyev tərəfindən verildi. Məhz ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra - 1994-cü ilin martında 20 Yanvar faciəsinə ilk dəfə olaraq siyasi-hüquqi qiymət verildi.
Ş.Hacıyev bildirib ki, qəhrəman Vətən övladlarının xalqımızın azadlığı uğrunda şəhid olması müstəqillik üçün mübarizə aparan Azərbaycan xalqının iradəsinin sarsılmazlığını sübut etdi. 20 Yanvar Azərbaycan xalqının müstəqillik arzusunu, bu yolda canından belə keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi. Şəhidlərimiz Vətənin azadlığı uğrunda canlarını fəda etməklə Azərbaycan xalqının istiqlaliyyət mübarizəsinin daha da alovlanmasında mühüm rol oynadılar.
YAP Səbail rayon təşkilatının sədri 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlər, onların ailə üzvlərinə və faciə nəticəsində əlil olan şəxslərə göstərilən yüksək dövlət qayğısından danışıb.
Digər çıxış edənlər də 20 Yanvar faciəsinin Azərbaycan tarixində mühüm səhifə olduğunu qeyd edib, xalqımızın müstəqilliyinin bərpasında onun vacib rolundan danışıblar. Faciə qurbanlarının xatirəsinin daim əziz tutulduğu vurğulanıb.