QAN YADDAŞI


20 Yanvar hadisəsi Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizənin simvolu kimi qeyd edilib

Bakı, 18 yanvar, AZƏRTAC

1990-cı ilin 20 yanvar günü Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, bu tarix dünyanın hər yerində Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizənin simvolu kimi qeyd edilir.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu fikirləri yanvarın 18-də komitədə 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbirdə qurumun aparat rəhbəri Arif Əşrəfov bildirib.

Əvvəlcə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Arif Əşrəfov çıxışında vurğulayıb ki, Mixail Qorbaçov başda olmaqla, SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, torpaqlarımıza iddia edən Ermənistanın siyasətinin dəstəklənməsinə, o zamankı respublika rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz olaraq ayağa qalxmış xalqa qarşı sovet ordusunun hərbi birləşmələrinin yeridilməsi Bakıda faciəyə gətirib çıxarmış, böyük itkilərlə, günahsız insanların ölümü ilə nəticələnmişdir: “Ölkənin o dövrkü rəhbərlərinin cəsarətsizliyinin əksinə olaraq, həmin vaxt Moskvada yaşayan ümummilli lider Heydər Əliyev həyatını təhlükədə qoyaraq oradakı nümayəndəliyimizə gəldi, 20 Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdi. Məhz ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə yenidən qayıdışından sonra 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi, ağır cinayəti törədənlərin adları ictimaiyyətə çatdırıldı, 20 Yanvar – Ümumxalq Hüzn Günü elan edildi”.

Aparatın rəhbəri 20 Yanvar şəhidlərinin ailələrinin, faciə zamanı sağlamlıqlarını itirərək əlil olmuş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və dövlət qayğısının artırılması məqsədilə Prezident İlham Əliyev tərəfindən əməli tədbirlər görüldüyünü, dövlətimizin başçının bununla bağlı onlarla Fərman və Sərəncam imzaladığını diqqətə çatdırıb.

Sonra şəhid ailələrindən olan bir neçə komitə əməkdaşları çıxış edərək vətənin azadlığı və suverenliyi uğrunda canından keçmiş şəhidlərin qəhrəmanlıq yolundan danışıblar.

Onlar ölkə rəhbərliyi tərəfindən şəhid ailələrinin daim diqqət mərkəzində saxlanıldığını, sosial problemlərinin həllində dövlət dəstəyinin olduğunu qeyd edərək, hər kəsi ölkəmizin firavanlığı və xoş gələcəyi naminə dövlətçiliyimizin keşiyində durmağa çağırıblar.

Tədbirdə digər çıxış edənlər də Azərbaycanın azadlığı və suverenliyi uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsini hər zaman ehtiramla yad edəcəklərini vurğulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.