QAN YADDAŞI
20 Yanvar istiqlal mübarizəmizin faciə və qəhrəmanlıq səhifəsidir
Bakı, 19 yanvar, AZƏRTAC
Yanvarın 19-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünə həsr edilən anım mərasimi keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə faciə qurbanlarının və Azərbaycanın müstəqilliyi, ərazı bütövlüyü uğrunda həlak olan qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov xalqımızın tarixinə həkk olunmuş 20 Yanvar faciəsindən bəhs edib. Qeyd olunub ki, Azərbaycanın yenidən müstəqillik qazanmasında xalqımızın qəhrəman oğullarının əvəzsiz xidmətləri olub. Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulmasında, gücləndirilməsində və dünya miqyasında tanınmasında müstəsna xidmətləri var. 20 Yanvar hadisələri xalqımızın 1988-ci ildə başlanan milli-azadlıq hərəkatının kulminasiya nöqtəsi idi. XX əsr xalqımızın tarixinə həm qanlı faciələrlə, həm də qəhrəmanlıqlarla dolu olan bir dövr kimi daxil olub.
Rektor 20 Yanvar faciəsinin səbəb və nəticələrini, mahiyyətini tələbə gənclərə dərindən öyrətməyi tövsiyə edib.
Tədbirdə dosent Naibə Əhmədova “Azərbaycan tarixinə qanlı hərflərlə yazılan 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü” mövzusunda məruzə ilə çıxış edib.
ADPU rektorunun müşaviri, professor Vilayət Əliyev, professorlar Zahid Xəlil, Himalay Qasımov, dosent Rəcəb Əliyev çıxış edərək həmin gün şahid olduqları dəhşətli hadisələrdən danışıblar.
Bildirilib ki, 20 Yanvar heç vaxt unudulmayacaq, yaddaşlardan silinməyəcək. Xalqımıza qarşı bu bəşəri cinayəti törədənlər isə həmişə lənətlənəcəklər.