QAN YADDAŞI
20 Yanvar milli tariximizin qürur və ləyaqət səhifəsidir
Bakı, 20 yanvar, AZƏRTAC
Qanlı 20 Yanvar faciəsinin şahidlərindən biriyəm. O zaman təsəvvür edə bilməzdim ki, dövlət öz vətəndaşlarının üzərinə qoşun yeridər. Hətta atəş səsləri eşidəndə də inanmağım gəlmirdi ki, dinc insanları güllələyə bilərlər. Yalnız yanımdakı şəxsin ayağından güllə yarası almasından sonra hər şeyi anlamağa başladım. Ondan sonra bizə qarşı böyük bir təcavüzün olduğunu dərk etdik.
Bu sözləri Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları İctimai Birliyində maliyyə-təsərrüfat idarəsinin müdiri Tahir Ələkbərov AZƏRTAC-a müsahibəsində deyib.
Daha sonra T. Ələkbərov o qanlı gecədə yaşadıqlarını xatırlayaraq bildirib: “Mən də həmin gecə küçədə idim. 7-8 nəfər idik. Hər şey gözümüzün qarşısında baş verirdi. Gecə saat 2-3 radələrində bir nəfər azərbaycanlı bizə öz evində sığınacaq verdi. Heç birimizin gözünə yuxu getmədi. Səhər açılanda evə gəldim. Ailə üzvlərim məni gözləyirdi, 10 yaşlı övladım da səhərə qədər yatmamışdı və yalnız mən gələndən sonra yuxuya getdi”.
20 Yanvar gecəsi xalqımızın tarixində şanlı günlərdən biridir. Həmin gün qeyrət, Vətəni sevənlərin, əliyalın xalqın zirehli texnikaya qarşı mübarizə günüdür. 20 Yanvar faciəsi Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılıb. Qara Yanvar faciəsi də, şəhidlərimiz də heç zaman unudulmayacaq, yaddaşımızda həmişə yaşayacaq. Şəhidlərimizin sayəsində azadlıq əldə etdik, müstəqilliyimizə qovuşduq. Allah şəhidlərimizə rəhmət eləsin.