QAN YADDAŞI


20 Yanvar müasir tariximizə xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub

A+ A

Bakı, 19 yanvar, AZƏRTAC

Əmlak Məsələləri Dövlət Komitəsində (ƏMDK) 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilib.

Mərasim iştirakçıları əvvəlcə faciə qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

ƏMDK-dan AZƏRTAC-a bildirilib ki, anma tədbirində komitənin əməkdaşları çıxış edərək, 20 Yanvarın Azərbaycanın azadlıq mübarizəsi tarixində şanlı səhifələrindən biri olduğunu xatırladıb, 27 il əvvəl müstəqillik və suverenlik uğrunda istiqlal mübarizəsinə qalxmış xalqımızın başına gətirilən faciədən danışıblar. Qeyd edilib ki, 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub. Öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladlarımız həmin müdhiş gecədə canlarından keçərək, şəhidlik zirvəsinə ucaldılar.

Mərasimdə çıxış edən komitə əməkdaşları 27 il əvvəl Azərbaycanın azadlığı, suverenliyi arzusu ilə ayağa qalxmış dinc insanlara qarşı sovet imperiyasının silahlı birləşmələrinin törətdiyi cinayətlərdən danışaraq, 20 Yanvar hadisəsini faciə kimi yox, milli tariximizin şanlı qəhrəmanlıq səhifələrindən biri kimi qiymətləndiriblər. Bildirilib ki, məhz həmin gün Azərbaycan xalqı istiqlal əzmini ortaya qoyaraq, bu dəyər uğrunda canından keçməyə hazır yüzlərlə övladının olduğunu bütün dünyaya nümayiş etdirdi.

20 Yanvar faciəsinə ilk siyasi qiymətin məhz ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini vurğulayan natiqlər xatırladıblar ki, olduqca mürəkkəb bir vəziyyətdə Ulu Öndər ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, Bakıda törədilən qırğınlara siyasi qiymət verilməsi, günahkarların cəzalandırılması tələbini bütün dünyaya bəyan edib. Məhz Ulu Öndərin səyləri nəticəsində 20 Yanvar faciəsi barədə həqiqətlər üzə çıxıb. İllər ötsə də, 20 Yanvar şəhidlərinin xatirəsi hər zaman bizimlədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.