QAN YADDAŞI
20 Yanvar şəhidləri - xalqın qürur mənbəyi
Bakı, 19 yanvar, AZƏRTAC
Yanvarın 19-da L. və M.Rostropoviçlərin ev-muzeyində 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunan “20 Yanvar şəhidləri - xalqın qürur mənbəyi” adlı tədbir keçirilib. Tədbir L.və M.Rostropoviçlərin ev-muzeyinin və C.Cabbarlının ev-muzeyinin birgə təşkilatçılığı ilə reallaşıb.
L.və M.Rostropoviçlərin ev-muzeyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Muzeyin direktoru Şeyla Heydərova 20 Yanvar faciəsinin heç vaxt unudulmayacağını deyərək, şəhidlərin müstəqilliyimizin əldə olunmasında oynadığı rolu xüsusi vurğulayıb. Qeyd edib ki, M.Rostropoviç özünü dərk edəndən insan haqları uğrunda mübarizə aparıb, təqiblərə məruz qalsa da, insanlara qarşı haqsızlığı heç vaxt qəbul etməyib.
C.Cabbarlının ev-muzeyinin böyük elmi işçisi Gülnarə Əlibalayeva 20 Yanvar- istiqlal yolunun ilk zirvəsidir” adlı məruzə ilə çıxış edib. Bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədilib. Bu hadisələrin canlı şahidi olduğunu vurğulayaraq faciənin dəhşətini indi də hiss etdiyini söyləyib. Deyib ki, həmin gün Azərbaycan xalqı öz birliyini nümayiş etdirib.
Diqqətə çatdırılıb ki, 20 Yanvar faciəsindən 27 il keçsə də, şəhidlərimiz qürurla yad edilir. Onlar gələcək nəsillər üçün də qürur mənbəyi olacaqlar.
Sonra tədbir bədii hissə ilə davam edib. Eyni zamanda, muzeyin elmi işçisi pianoçu Seyidxanım Babayeva fortepianoda L.Bethoven, İ.Brams, F.Əmirov, John Villiams, A.Skryabin, F.Bədəlbəylinin əsərlərini ifa edib. İfalar zamanı arxa fonda faciə qurbanlarına həsr olunmuş sənədli film təqdim olunub.