QAN YADDAŞI
20 Yanvar şəhidlərinin adı xalqımızın yaddaşına əbədi həkk olunub
19 yanvar, AZƏRTAC
Bakı Ali Neft Məktəbində (BANM) 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
BANM-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Azərbaycanda həyata keçirdiyi qətliam nəticəsində həlak olan şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edilib.
BANM-in tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov 20 Yanvar hadisələri haqqında danışaraq Vətənimizin müstəqilliyi, suverenliyi, azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizin adının Azərbaycan tarixinə və xalqımızın yaddaşına əbədi həkk olunduğunu bildirib. R.Hümbətov 20 Yanvar faciəsinə ilk dəfə ümummilli lider Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymətin verildiyini bildirib. Prorektor xalqımızın tarixində baş vermiş bütün faciələrin, eyni zamanda, 20 Yanvar faciəsinin beynəlxalq ictimaiyyətə çatdırılmasının vacibliyini vurğulayıb, tələbələrə bu işdə fəal olmağı tövsiyə edib.
BANM-in ingilis dili və humanitar fənlər mərkəzinin dosenti Ələmdər Şahverdiyev 20 Yanvar faciəsinin tarixi aspektlərindən söz açıb, 27 il öncə Azərbaycan xalqının taleyində ağır günlər yaşandığını, sovet ordusu tərəfindən günahsız insanların gülləbaran edildiyini gənclərin diqqətinə çatdırıb.
Tədbirin sonunda 20 Yanvar faciəsinə həsr olunmuş qısa sənədli film nümayiş etdirilib.