QAN YADDAŞI


20 Yanvar şəhidlərinin xatirəsi Konstitusiya Məhkəməsində ehtiramla anılıb

Bakı, 18 yanvar, AZƏRTAC

XX əsrdə insanlığa qarşı törədilmiş qırğınların, zorakılığın ən dəhşətli səhifələrindən olan 20 Yanvar faciəsi xalqımızın qan yaddaşına əbədi həkk edilib. Bu hadisələr Azərbaycanın gələcək taleyinə, milli azadlıq hərəkatının daha da güclənməsinə, müstəqilliyimizin bərpasına mühüm təsir göstərib.

AZƏRTAC xəbər verir ki, bu fikirlər 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar yanvarın 18-də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində keçirilən anım mərasimində səslənib.

Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev 20 Yanvar faciəsini müstəqil Azərbaycanın tarixində mühüm dönüş nöqtəsi, istiqlal yolumuzun başlanğıcı kimi qiymətləndirib. Bildirilib ki, keçmiş SSRİ prezidenti Mixail Qorbaçovun göstərişi ilə Bakıda fövqəladə vəziyyət elan edildikdən sonra imperiya rəhbərliyi yanvarın 19-dan 20-nə keçən gecə sovet hərbi birləşmələrini şəhərə yeridərək Azərbaycan xalqına qarşı misli görünməmiş qırğın törətməklə insanların yaşamaq hüququnu və beynəlxalq hüquq normalarını, SSRİ konstitusiyasının, eləcə də insan hüquqları ilə bağlı beynəlxalq müqavilələrin bir sıra maddələrini kobudcasına pozub. Kommunist rejimin Azərbaycan xalqının milli azadlıq hərəkatını qan içində boğmaq üçün ölkəmizə qarşı hərbi təcavüz etdiyi, günahsız insanları qətlə yetirdiyi həmin gecədə 140-dan çox dinc sakin öldürülüb, yüzlərlə insan yaralanıb və itkin düşüb. Dövlət əmlakına və özəl mülkiyyətə külli miqdarda ziyan dəyib.

Qanlı Yanvar hadisələrinin mahiyyətindən danışan F.Abdullayev bildirib ki, bu hadisə Azərbaycanın ərazi bütövlüyünü pozmaq cəhdlərinə, keçmiş SSRİ rəhbərliyinin ölkəmizlə bağlı apardığı qərəzli və ədalətsiz Dağlıq Qarabağ siyasətinə, yerli rəhbərliyin xalqımızın mənafeyinə zidd mövqedə durmasına qarşı etiraz olaraq küçələrə çıxmış dinc əhaliyə divan tutmaq məqsədilə törədilib. Bakıya və respublikanın digər rayonlarına sovet ordusunun böyük kontingentinin yeridilməsi, dinc əhalinin kütləvi etiraz aksiyalarının silah gücünə dağıdılması həm də azərbaycanlıların tarixi torpaqlarından çıxarılması ilə bağlı imperiyanın ermənilərin təsiri altında Azərbaycana qarşı əsrlərlə apardığı siyasətin davamı idi.

Konstitusiya Məhkəməsinin sədri qeyd edib ki, o zaman keçmiş sovet rəhbərliyi ermənilərin təsiri altında Azərbaycana qarşı böyük kampaniya aparırdı. Məqsəd insanları qorxutmaq, Azərbaycanda milli azadlıq hərəkatını boğmaq idi. Azərbaycanın qonşu Ermənistanın təcavüzünə məruz qaldığı bir vaxtda sovet rəhbərliyi respublikaya yeridilən hərbi hissələrin tərkibinə erməni əsgər və zabitlərini də daxil etmişdi. Bu, Ermənistanın Azərbaycana qarşı məkrli siyasətini həyata keçirmək məqsədi daşıyırdı. 20 Yanvar təcavüzkar Ermənistanın SSRİ mərkəzi hakimiyyətinin dəstəyi ilə Azərbaycanın torpaqlarının işğalı siyasətinin tərkib hissəsi idi.

Qeyd edilib ki, 20 Yanvar şəhidlərinin dəfn olunması ilə əlaqədar Bakıda keçirilən izdihamlı matəm mitinqində milyonlarla insanın iştirak etməsi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini bütün dünyaya göstərdi.

Xalqını bu ağır günlərdə tək qoymayan Azərbaycanın böyük oğlu Heydər Əliyev yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bu qanlı qırğını pisləyən tarixi bəyanatla çıxış etdi. Dahi şəxsiyyət özünün və ailə üzvlərinin həyatının təhlükədə olmasına baxmayaraq, 20 Yanvar faciəsinə siyasi qiymət verdi, o vaxtkı SSRİ və respublika rəhbərlərinin günahı və xəyanəti üzündən törədilmiş bu cinayətin hüquqa, humanizmə zidd olduğunu göstərdi. Bakıda törədilmiş 20 Yanvar faciəsi haqqında həqiqətlərin ilk dəfə dünya ictimaiyyətinə çatdırılmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri var.

Diqqətə çatdırılıb ki, Ümummilli Liderin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinin baş verməsinin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması istiqamətində mühüm addımlar atıldı. Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi, Milli Məclis 1994-cü ilin martında bu barədə qərar qəbul etdi. Məhz həmin qərarla 20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. Bundan başqa, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə möhtəşəm xatirə kompleksi yaradıldı.

Ulu Öndərin şəhid ailələrini və əlilləri dövlət qayğısı ilə əhatə etdiyini vurğulayan F.Abdullayev deyib ki, Ümummilli Liderin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllinə xüsusi diqqət göstərib, bu istiqamətdə mühüm qərarlar qəbul edib.

F.Abdullayev bildirib ki, həmin qanlı gecədə həlak olan Vətən övladları xalqımızın istiqlaliyyəti üçün yol açdılar və nəticədə çox keçmədən Azərbaycan müstəqilliyini bərpa etdi. Xalqımız azadlıq uğrunda canlarını qurban verən cəsur Vətən övladlarının qəhrəmanlıq mübarizəsini böyük ehtiramla yad edir, onların igidliyini yüksək qiymətləndirir. Biz şəhidlərimizin qanı bahasına qazanılan müstəqilliyimizi qorumalı, onu əbədi və dönməz etməliyik. Bunun üçün gənclərimiz bu faciələri unutmamalı, onlardan nəticə çıxarmalı, Azərbaycanın tarixi keçmişi haqqında məlumatlı olmalıdırlar.

Bu gün Azərbaycanın regionun ən qüdrətli dövlətinə çevrildiyini diqqətə çatdıran Konstitusiya Məhkəməsinin sədri deyib: “Azərbaycanın hərbi və iqtisadi qüdrətinin artması, müstəqil siyasət yürütməsi, regionda lider dövlət olması qonşu Ermənistan və onun havadarları tərəfindən birmənalı qəbul edilmir. Müstəqilliyimizin əvvəllərində ölkəmizdə siyasi, iqtisadi böhran hökm sürürdü. Lakin Azərbaycanın siyasi rəhbərliyinə ulu öndər Heydər Əliyevin qayıdışı bu istiqamətdə kəskin dönüş yaratdı, ölkə dinamik inkişaf yoluna qədəm qoydu. Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas məqsədi Konstitusiyamızda göstərildiyi kimi, müasir, sivil, inkişaf etmiş Azərbaycan dövləti yaratmaqdır. Hazırda Azərbaycan bu istiqamətdə qətiyyətli addımlarla irəliləyir”.

Daha sonra Konstitusiya Məhkəməsi Aparatının əməkdaşları çıxış edərək xalqımıza qarşı törədilmiş 20 Yanvar faciəsi haqqında məlumat verib, onun Azərbaycan tarixində yeri və rolundan söz açıblar. Qeyd edilib ki, Azərbaycanın istiqlal yolunda üzləşdiyi ən böyük sınaqlardan biri də 20 Yanvar faciəsidir. Bu tarix yaddaşımızdan heç vaxt silinməyəcək, insanlığa qarşı törədilmiş ən dəhşətli və qanlı cinayətlərdən biri kimi bəşər tarixində əbədi olaraq qalacaq. Faciədən sonrakı tarixi proseslər xalqımızın siyasi iradəsinin, müstəqillik arzularının yenilməzliyini bir daha təsdiqlədi. 20 Yanvar xalqımızın yaddaşına həm də əsl qəhrəmanlıq salnaməsi kimi yazılıb.

Anım mərasimində 20 Yanvar faciəsinə dünyada hüquqi qiymətin verilməsinin beynəlxalq hüquqi əsasları haqqında məlumat verilib. Qeyd edilib ki, keçmiş SSRİ rəhbərliyi ittifaqın müxtəlif respublikalarında qanlı qırğınlar törətsə də, 20 Yanvar faciəsi miqyasına, amansızlığına, qurbanlarının sayına görə daha böyük itkilərlə nəticələnmişdi.

Çıxışlarda 20 Yanvar faciəsi və xalqımıza qarşı törədilmiş digər ağır cinayətlərin dünya ictimaiyyəti və beynəlxalq qurumlar tərəfindən tanınması və ona insanlıq əleyhinə cinayət kimi siyasi-hüquqi qiymətin verilməsi, günahkarların cəzalandırılması istiqamətində Azərbaycan dövlətinin apardığı uğurlu xarici siyasətin əhəmiyyəti xüsusi vurğulanıb. Qeyd edilib ki, xalqımızın milli birliyinə mühüm təkan verən və Azərbaycan tarixinin şanlı səhifələrindən biri olan 20 Yanvar şəhidlərinin xatirəsi daim qəlblərimizdə yaşayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.