QAN YADDAŞI
20 Yanvar şəhidlərinin xatirəsi Türkmənistanda yad edilib
Aşqabad, 20 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Türkmənistandakı səfirliyində 20 Yanvar şəhidlərinin xatirəsini anım mərasimi keçirilib.
Mərasimdə səfirliyin əməkdaşları, Türkmənistanda yaşayan həmvətənlərimiz və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Səfirliyin müşaviri çıxış edərək 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə Bakıda dinc əhaliyə qarşı sovet qoşunlarının törətdiyi qətliam haqqında məlumat verib, Azərbaycan xalqının müstəqillik tarixində bu günün önəmindən danışıb. Bildirib ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü ilə bağlı xalqımızın haqlı tələbinə qarşı törədilən bu qətliamın məqsədi xalqın milli azadlıq iradəsini qırmaq, onu başına gətirilənlərlə barışmağa məcbur etmək idi. Həmin dövrdə respublika rəhbərliyinin xəyanətkarlığının heç də sovet rəhbərliyindən geri qalmadığı diqqətə çatdırılıb. Mülki əhaliyə qarşı həyata keçirilən bu amansız qətliamı dünya ictimaiyyətinə çatdıran, onun təqsirkarlarını açıq şəkildə tənqid edən məhz xalqımızın ümummilli lideri Heydər Əliyevin olduğunu bildirən diplomat onun qətliamdan dərhal sonra ailəsi ilə birlikdə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək keçirdiyi mətbuat konfransı barədə məlumat verib. 20 Yanvar hadisələrinə yalnız Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra siyasi-hüquqi qiymət verildiyini diqqətə çatdıran müşavir şəhidlərin əziz xatirəsinin xalqımızın yaddaşında daim yaşayacağını bildirib.
Tədbir iştirakçıları çıxış edərək bu günün yalnız 1990-cı ilin 20 yanvar tarixində deyil, ümumilikdə dövlətimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirə günü kimi çox dəyərli olduğunu, hər bir azərbaycanlının ürəyində yaşadığını qeyd ediblər. Bu gün də Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid verdiyimizi qeyd edən çıxışçılar xalqımızın azadlıq və dövlətçilik mübarizəsinin heç bir zaman qırılmayacağını söyləyiblər.
Çıxışlardan sonra tədbir iştirakçıları 20 Yanvar hadisələrinə həsr olunmuş fotosərgiyə və sənədli filmə baxıblar.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad