QAN YADDAŞI
20 Yanvar tariximizin şanlı səhifəsidir
Bakı, 19 yanvar, AZƏRTAC
Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Azərbaycan Universitetinin və “Səs” media qrupunun birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunan tədbir keçirilib.
Bilik Fondundan AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Universitetində təşkil edilən tədbirdə əvvəlcə “Səs” media qrupu tərəfindən bu ali təhsil ocağının sifarişi ilə hazırlanmış “20 Yanvar şanlı tariximiz” adlı videoçarxın təqdimatı olub.
Tədbirdə universitetin rektoru Fərid Əhmədov Azərbaycan xalqının istiqlal tarixində ən şanlı səhifələrdən olan Qanlı Yanvar faciəsinin insanlığa qarşı törədilmiş qatı cinayət olduğunu deyib. Diqqətə çatdırılıb ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə günahsız və silahsız vətəndaşlarımız milli azadlığımız, suverenliyimiz uğrunda mübarizəyə qalxıblar. Qanlı Yanvar hadisələrinə ilk dəfə hüquqi-siyasi qiymət ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənib, ölkəmiz sürətlə inkişaf edib və ordumuz daha da güclənib.
Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev 20 Yanvar hadisələrinin mənəvi, siyasi, hüquqi aspektləri barədə məlumat verib. Natiq 20 Yanvar faciəsini analiz edib, həmin gecəni tariximizin qanla yazılmış şanlı səhifəsi adlandırıb. Vurğulanıb ki, bu faciə bizə həm də tarixi ibrət dərsi oldu. Azərbaycanın müstəqilliyinə doğru yol 20 Yanvar faciəsi qurbanlarının qanı ilə açılıb. Faciədən bir gün sonra ulu öndər Heydər Əliyev təhlükə və təqiblərə baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək cəsarətlə sovet rəhbərliyinə, kommunist rejiminə qarşı etirazla dolu bəyanat səsləndirməsi ekstrimal vəziyyətlərdə ani düzgün qərar verməyin nümunəsi oldu.
“Səs” media qrupunun rəhbəri Bəhruz Quliyev 20 yanvar faciəsinin ağır nəticələrindən bəhs edib.
Tədbirdən sonra Azərbaycan Universitetinin müəllim və tələbələri Şəhidlər xiyabanına gələrək şəhidlərimizin ruhuna ehtiramlarını bildiriblər.