QAN YADDAŞI


20 Yanvar xalqımızın milli azadlıq hərəkatının yüksəliş zirvəsidir VİDEO

Qax-Şəki-Balakən, 20 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar hadisələrindən iyirmi yeddi il ötür. Müasir Azərbaycan tarixinin ən faciəli, eyni zamanda, xalqımızın azadlıq mübarizəsinin ən şanlı səhifələrindən olan 20 Yanvar faciəsinin ildönümü respublikamızın şimal-qərb bölgəsi rayonlarında da xalqımızın qəhrəmanlıq salnaməsi, milli qürur günü kimi qeyd olunub.

AZƏRTAC xəbər verir ki, faciənin ildönümü ilə əlaqədar yanvarın 20-də Qax şəhərində keçirilən ümumrayon tədbirinin iştirakçıları, əmək kollektivlərinin nümayəndələri, rayon sakinləri səhər saatlarından etibarən Şəhidlər xiyabanına gələrək, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş igid həmyerlilərin məzarları üzərinə gül-çiçək düzüb, şəhidlərin ölməz xatirəsini ehtiramla yad ediblər.

Rayon təhsil şöbəsinin konfrans zalında keçirilən anım tədbirinin iştirakçıları əvvəlcə foyedə məktəblilərin “Qanlı Yanvar” mövzusunda çəkdikləri rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.

Tədbirdə çıxış edənlər Yanvar faciəsini doğuran səbəblər və onun acı nəticələri barədə danışıb, 20 Yanvarı xalqımızın azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsi kimi qiymətləndiriblər. Qeyd olunub ki, böyük itkilərlə, günahsız insanların qətli və yaralanması ilə nəticələnən 20 Yanvar faciəsi cinayətkar imperiya rəhbərlərinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini bütün dünyaya nümayiş etdirib. Həmin qanlı hadisələrdən uzun illər keçməsinə baxmayaraq xalqımız o müdhiş gecəni daim xatırlayır, faciənin səbəbkarlarını lənətləyir.

Tədbirin sonunda 20 Yanvar hadisələrindən bəhs edən sənədli film nümayiş etdirilib.

x x x

20 Yanvar xalqımızın milli azadlıq hərəkatının yüksəliş zirvəsidir. Bu qanlı hadisələrdən illər ötsə də, sovet ordusunun Azərbaycan xalqına qarşı törətdiyi planlı terror aktı bəşər tarixində insanlığa qarşı ən ağır cinayət olaraq qalacaq. Həmin gün öz milli azadlığı uğrunda mübarizəyə başlayan Azərbaycan xalqı kütləvi terrorla üz-üzə qalıb, yüzlərlə günahsız insan sovet rejiminin ən ağır cinayətlərindən birinin qurbanı olub, qətlə yetirilib, sağlamlıqlarını itirib, əlil olub. Azərbaycan xalqı məhz 20 Yanvar hadisələrindən sonra SSRİ-nin tərkibində ədaləti bərpa etməyin mümkünlüyünə inamını birdəfəlik itirərək öz azadlıq mübarizəsinə başlayıb.

Bu fikirlər 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü ilə əlaqədar yanvarın 20-də Şəki şəhərində keçirilən ümumşəhər toplantısında səsləndirilib.

Şəhər rəhbərliyi, ayrı-ayrı əmək kollektivlərinin, ictimaiyyətin nümayəndələri, müharibə və əmək veteranları səhər saatlarından axın-axın Şəkinin dağüstü ərazisində yerləşən Şəhidlər xiyabanına gələrək Vətənimizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş igid Vətən oğullarının məzarları üzərinə qırmızı qərənfillər düzüb, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

Toplantıda çıxış edənlər 20 Yanvarın müasir Azərbaycan tarixində xalqımızın azadlıq mübarizəsi və qəhrəmanlıq salnaməsinin ən parlaq səhifələrindən biri kimi böyük əhəmiyyət daşıdığını bildiriblər. Faciənin günahkarlarının üzə çıxarılmasında, bu qanlı hadisələrə hüquqi-siyasi qiymət verilməsində, şəhidlərin adının əbədiləşdirilməsində ümummilli lider Heydər Əliyevin xidmətləri xüsusi vurğulanıb. Qeyd olunub ki, hazırda bu siyasi xətt Prezident İlham Əliyev tərəfindən davam etdirilir, 20 Yanvar şəhidlərinin ailə üzvlərinə, faciə zamanı əlil olanlara dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı göstərilir.

Həmin gün saat 12.00-da Şəkinin bütün yaşayış məntəqələrində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

x x x

20 Yanvar faciəsinin ildönümü Balakən rayonunda da silsilə tədbirlərlə qeyd olunub.

Yanvarın 20-də rayon ictimaiyyətinin nümayəndələri Şəhidlər xiyabanına gələrək ərazi bütövlüyümüz uğrunda döyüşlərdə şəhid olmuş igid həmyerlilərin məzarları üzərinə gül-çiçək düzüb, şəhidlərin xatirəsinə ehtiramlarını bildiriblər.

Rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə 20 Yanvarın xalqımızın azadlıq mübarizəsi tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğu vurğulanıb, bu hadisələrin qan yaddaşımızdan heç vaxt silinməyəcəyi qeyd olunub.

Tədbirdə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.