REGİONLAR
Muxtar respublikada bu il 70 hektar sahədə tütün əkilib
Naxçıvan, 18 may, AZƏRTAC
Bu il muxtar respublikanın Şərur rayonunda 7, Babək rayonunda 9, Kəngərli rayonunda isə 54 hektar olmaqla, ümumilikdə, 70 hektar sahədə tütün əkini aparılıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, əkin işlərinə aprel ayının ikinci ongünlüyündə başlanılıb. Tütün Yetişdirmə Təsərrüfatı ilə torpaq mülkiyyətçiləri arasında bağlanmış müqavilələrə görə şitillər sahələrə vaxtında daşınıb və əkin prosesi mütəşəkkilliklə həyata keçirilərək yekunlaşdırılıb.
Qeyd edək ki, iqtisadi gəlirliliyinə görə seçilən tütünçülük son illərdə muxtar respublikada sürətlə inkişaf etdirilən sahələrdəndir. 2017-ci ildən başlayaraq “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının Kəngərli rayonundakı Tütün Yetişdirmə Təsərrüfatında yetişdirilən tütün şitilləri, əsasən, Kəngərli, Şərur və Babək rayonlarında əkilir. İldən-ilə əkin sahələrinin artırıldığı muxtar respublikada ötən il 50 hektar sahədən 94 ton quru tütün istehsal olunub.