REGİONLAR
Dörd ayda Şəkidə sənaye məhsulları istehsalında 27,4 faiz artım qeydə alınıb
Şəki, 18 may, Mustafa Dadaşov, AZƏRTAC
Cari ilin yanvar-aprel aylarında Şəki rayonunda fəaliyyət göstərən sənaye müəssisələri tərəfindən 23 milyon 179,5 min manatlıq məhsul istehsal olunub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 milyon 990,1 min manat və ya 27,4 faiz çoxdur.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, Şəki rayonunun sənayesi əsasən toxuculuq, elektrik enerjisinin istehsalı və bölüşdürülməsi, qazın bölüşdürülməsi, suyun yığılması, təmizlənməsi və paylanması, həmçinin tikinti materialları, siqaret, şərab, qida, un və un məmulatlarının istehsalı kimi sahələri əhatə edir.
Dörd ayda rayonda toxuculuq sənayesi sahəsində 825 min manatlıq məhsul istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 93,6 min manat çoxdur.
Hazırda rayonda biri iri, 7-si orta, 5-i kiçik və 3-ü mikro olmaqla, 16 sənaye müəssisəsi fəaliyyət göstərir. Sənaye sahəsində 1229 nəfər işçi çalışır. Hesabat dövründə bir işçiyə düşən orta aylıq əməkhaqqı 536,9 manat olub. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 82,6 manat çoxdur.