CƏMİYYƏT
Dövlət Miqrasiya Xidmətinin rəisi Beynəlxalq Miqrasiya İcmalı Forumu çərçivəsində ikitərəfli görüşlər keçirib
Bakı, 18 may, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı Baş Qərargahında keçirilən ilk Beynəlxalq Miqrasiya İcmalı Forumu çərçivəsində Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov ilə BMT-nin Miqrasiya Şəbəkəsinin Katibliyinin rəhbəri Conatan Prentis arasında görüş keçirilib.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, Xidmət rəisi Azərbaycanın Cənub-Şərqi Avropa, Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə BMT-nin Miqrasiya üzrə Şəbəkəsi tərəfindən “Çempion ölkə” kimi müəyyənləşdirilən ilk ölkə olduğunu, Foruma hazırlıq çərçivəsində bu ilin fevralında Azərbaycan, Lüksemburq və Portuqaliyanın təşəbbüsü ilə BMT-nin Avropa üzrə İqtisadi Komissiyasına daxil olan 56 ölkənin iştirakı ilə tədbirin keçirildiyini vurğulayıb, habelə Azərbaycan tərəfindən Miqrasiya üzrə Qlobal Paktın icrasına dair təqdim olunan könüllü hesabat barədə məlumat verib. Həmçinin Azərbaycanda yaradılmış BMT-nin Miqrasiya Şəbəkəsindən və onun gələcək fəaliyyətindən söhbət açılıb.
C.Prentis Miqrasiya üzrə Qlobal Paktın icrasına dair Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirib, habelə tarixdə ilk Beynəlxalq Miqrasiya İcmalı Forumuna hazırlıq çərçivəsində göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib.
Forum çərçivəsində Tacikistan Respublikasının Əmək, Miqrasiya və Əhalinin Məşğulluğu naziri xanım Şirin Amonzoda və Türkmənistanın Dövlət Miqrasiya Xidmətinin sədri Nəzər Ataqarayevlə qarşı tərəflərin sorğusu əsasında ikitərəfli görüşlər keçirilib. Görüşlərdə Azərbaycan ilə qeyd olunan ölkələr arasında mövcud əməkdaşlıq, habelə Azərbaycanda yaradılan və regionun 13 ölkəsini əhatə edən Miqrasiya üzrə Regional Təlim Mərkəzi çərçivəsində gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.