REGİONLAR
Qəbələdə informasiya əldə etmək hüququ ilə bağlı maarifləndirmə tədbiri keçirilib
Qəbələ, 18 may, Mustafa Dadaşov, AZƏRTAC
Mayın 18-də Qəbələ Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “İnformasiya əldə etmək hüququnun müdafiəsi ilə bağlı maarifləndirmə” mövzusunda tədbir keçirilib.
Tədbirdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, təhsil və səhiyyə işçiləri iştirak ediblər.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbirdə Omdusman aparatının əməkdaşları tərəfindən qanunvericilikdə müəyyən edilmiş qaydada informasiya əldə etmək hüququnun təmini, təbliği və təşviqi, bu hüququn pozulması ilə əlaqədar daxil olan müraciətlərə baxılması və cavablandırılması, monitorinqin həyata keçirilməsi və təhlillərin aparılması, bu sahədə hüquqi maarifləndirmə, həmçinin informasiya əldə etmək hüququ ilə bağlı digər məsələlər barədə geniş məlumat verilib.
Tədbirin sonunda iştirakçılara “İnformasiya əldə etmək hüququmuzu bilək və onu təmin edək” mövzusunda hazırlanmış bukletlər paylanılıb.