REGİONLAR
Azərbaycan Texnologiya Universitetinin nümayəndəsi İsveçdə Erasmus+ layihəsi çərçivəsində keçirilən təlimlərdə iştirak edir
Gəncə, 18 may, Elcan Məmmədov, AZƏRTAC
“Azərbaycanda Rektorlar Konfransının yaradılması” Erasmus+ layihəsi çərçivəsində İsveçdə təlimlərə start verilib. Layihənin İsveç tərəfdaşı Kral Texnologiya İnstitutunun (KHT) təşkilatçılığı ilə keçirilən seminarın mövzusu “Ali təhsil sisteminin inkişafında rektorlar konfransının rolu” olub.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, təlimlərdə Azərbaycan Texnologiya Universitetini elm və xarici əlaqələr üzrə müşavir Mayıs Gülalıyev təmsil edir.
Xatırladaq ki, Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” Erasmus+ layihəsinin koordinatoru Bakı Biznes Universitetidir.
Rektorlar konfransının yaradılması və ali təhsilin inkişaf etdirilməsi üçün Avropa təcrübəsinin öyrənilməsinə həsr edilən seminara İsveçin nüfuzlu universitetlərindən olan Kral Texnologiya İnstitutu (KTH) ev sahibliyi edir. Sözügedən tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi, Azərbaycan universitetlərindən 3 rektor, 20 prorektor və digər rəhbər şəxslər iştirak edirlər. Tədbirdə İsveç, Litva, Finlandiya və Polşa Rektorlar Konfransının səlahiyyətli nümayəndələrinin, Kral Texnologiya İnstitutunun, Stokholm Universitetinin və Haaqa-Helia Tətbiqi Elmlər Universitetinin rektorlarının iştirakı nəzərdə tutulub.