ELM VƏ TƏHSİL
Ədəbiyyat Muzeyinin Aran regional filialında “Açıq qapı” günü
Bakı, 18 may, AZƏRTAC
Beynəlxalq Muzeylər Günü münasibətilə mayın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Kürdəmir rayonunda yerləşən Xaqani Şirvani adına Aran regional filialında “Açıq qapı” günü təşkil edilib.
Bu barədə AZƏRTAC-a Ədəbiyyat Muzeyindən məlumat verilib. Bildirilib ki, “Açıq qapı” günündə Kürdəmir rayon sakinləri, şəhərin qonaqları, eləcə də rayonun ümumtəhsil məktəblərindən, mədəni-maarif müəssisələrindən olan ziyarətçilər muzeyin zəngin ekspozisiya ilə ödənişsiz tanış olmaq imkanı əldə ediblər. Eyni zamanda, qonaqlar regionda yaşayan yazarların kitablarından ibarət sərgi ilə tanış olublar.
Gün ərzində muzeyi ziyarət edənlərə Azərbaycanın mədəni irsi, qədim tarixi, eləcə də klassiklərimiz barədə məlumat verilib, onlar müxtəlif mədəniyyət nümunələri, rəsm və heykəltaraşlıq əsərləri ilə yaxından tanış olublar.
Həmçinin ziyarətçiləri, xüsusilə şagirdləri maraqlandıran suallar cavablandırılıb, onlar böyük həvəslə muzeydə xatirə şəkilləri çəkdirib, rəy və təkliflər kitabına ürək sözlərini yazıblar.
Ekspozisiyalar qarşısında məktəblilərin klassiklərin əsərlərindən ibarət kompozisiyaları qonaqların marağına səbəb olub.