CƏMİYYƏT
Sumqayıtda “Bayraqdar” Milli Ərazi İntellektual Oyunu keçirilib
Bakı, 20 may, AZƏRTAC
Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Şuşa İli”nə həsr edilmiş “Bayraqdar” intellektual oyunu keçirilib.
AZƏRTAC Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin saytına istinadla xəbər verir ki, Heydər Parkında təşkil olunan tədbirin məqsədi gənclərin intellektual səviyyəsini, dünya görüşünü, zehni inkişafını stimullaşdırmaq, komanda ilə işləmək bacarığını artırmaq, eləcədə asudə vaxtlarını səmərəli təşkil etməkdir.
Yarışda şəhərin müxtəlif gənclər təşkilatlarını təmsil edən 50-yə yaxın gənc iştirak edib.
Oyunda Sumqayıt Regional Asan Xidmət Mərkəzinin “Şuşa” komandası qalib olub. Gənclərin İnkişaf və Karyera Mərkəzinin “Supernova” komandası yarışı ikinci, Sumqayıt Dövlət Texniki Kollecinin “Zəfər" komandası isə üçüncü pillədə başa vurublar.
Mükafatçılara Baş İdarənin fəxri fərman, medal və hədiyyələri təqdim olunub.