CƏMİYYƏT
Göygöl rayonunda şəhid Seymur Abbasovun doğum günü qeyd olunub
Bakı, 21 may, AZƏRTAC
Göygöl rayonunda Vətən müharibəsi şəhidi leytenant Seymur Abbasovun doğum günündə xatirəsi anılıb.
Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Göygöl Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Turani Əliyev, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, qazilər, müharibə iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri şəhidin Göygöl rayonundakı Şəhidlər xiyabanında məzarını ziyarət ediblər, üzərinə tər güllər düzüblər, ruhuna dualar oxuyublar.
Məktəblilər Vətənə, şəhidlərə həsr olunan şeirlər səsləndiriblər.
Sonra tədbir iştirakçıları şəhid Seymur Abbasovun xatirəsinə inşa olunmuş bulaq kompleksinin açılışına qatılıblar.
YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev şəhidin ailəsini ziyarət edib, qayğı və problemləri ilə maraqlanıb. Rayon təşkilatı tərəfindən hazırlanan xatirə hədiyyəsi şəhidin ailəsinə təqdim olunub.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.