REGİONLAR
Bərdədə Xurşidbanu Natəvanın 190 illiyinə həsr edilən tədbir: Mənim naşad olan könlüm
Bərdə, 23 may, AZƏRTAC
Bərdə rayon Mədəniyyət Mərkəzində Xurşidbanu Natəvanın 190 illik yubileyi münasibətilə “Mənim naşad olan könlüm” adlı ədəbi-bədii gecə keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Bərdə regional “ASAN xidmət” mərkəzinin könüllüləri, Gənclərin İnkişaf və Karyera Mərkəzinin əməkdaşları, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin tələbələri, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Bərdə şöbəsinin sədri və mədəniyyət işçiləri iştirak ediblər.
Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova tədbirdə çıxış edərək, Xurşidbanu Natəvanı Azərbaycan ədəbiyyatı tarixində diqqətəlayiq yer tutan söz ustalarından biri kimi xarakterizə edib. O bildirib ki, Qarabağ xanlığının sonuncu xanı Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvan mənbəyini doğma təbiətin gözəlliklərindən alan ədəbi yaradıcılığını xalqa məhəbbət nümunəsinə çevrilən xeyriyyəçilik fəaliyyəti ilə ahəngdar şəkildə uzlaşdırıb, yaşadığı Şuşa şəhərinin abadlığı və mədəni həyatının canlılığı üçün böyük zəhmət sərf edib, humanist təbiətinə və nəcibliyinə görə tanınaraq fədakarlıq və mərhəmət mücəssəməsi kimi sevilib. İncəsənətin ayrı-ayrı növlərinə dərindən bələd olan sənətkar Şərq poetik ənənələrinə sədaqətlə yazıb-yaradıb, mənəvi saflığa çağıran və insana məhəbbət, həqiqətə inam hissi aşılayan, zərif lirikaya malik və parlaq bədii boyalarla zəngin bir irs qoyub gedib. Onun başçılıq etdiyi ədəbi məclis öz ətrafında dövrün qabaqcıl ziyalılarını toplayıb və Qarabağ ədəbi mühitinin inkişafına güclü təsir göstərib.
Bərdə şəhər 3 nömrəli tam orta məktəbin ədəbiyyat müəllimi Dürdanə Hüseynova çıxışında qeyd edib ki, Xurşidbanu Natəvanın yaradıcılığı həmişə diqqət mərkəzində saxlanılıb, xatirəsinin əbədiləşdirilməsi istiqamətində ölkəmizdə bir sıra tədbirlər həyata keçirilib. 1960-cı ildə Bakıda şairənin heykəli, 1982-ci ildə ulu öndər Heydər Əliyevin iştirakı ilə Şuşada büstü ucaldılıb. Ermənistan silahlı qüvvələrinin 1992-ci ildə Şuşanı işğal edərək, buradakı tarixi-memarlıq və mədəniyyət abidələrini vandalcasına dağıdarkən güllə ilə zədələdikləri həmin büst 44 günlük Vətən müharibəsində qazanılan Qələbədən sonra əzəli məkanına qaytarılıb. Bu gün Natəvanın Şuşada yenidən ucalan və möhtəşəm Zəfərimizin təntənəsini nümayiş etdirən büstü, eyni zamanda, xalqımızın milli mədəni irsə qayğısının rəmzi və mənəvi dəyərlərə ehtiramının təzahürüdür.
Tədbir Mədəniyyət Mərkəzinin Xalq Teatrının hazırladığı İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” tamaşasından bir səhnə ilə başa çatıb.