İQTİSADİYYAT
Astarada sakinlərin təbii qazla bağlı problemi dinlənilib
Bakı, 24 may, AZƏRTAC
“Azəriqaz” İstehsalat Birliyinin növbəti “Açıq mikrofon” aksiyası Astara rayonunda reallaşıb.
AZƏRTAC xəbər verir ki, Birliyin Qazın balansı və hesabatı şöbəsinin rəis müavini Ceyhun Abdullayev, Lənkəran Regional Qaz İstismarı İdarəsinin rəisi Namiq Məmmədov və qurumun digər məsul şəxsləri aksiyaya üz tutan sakinlərin qaz təchizatı ilə bağlı müraciətlərini dinləyiblər. Daxil olan müraciətlər əsasən təbii qazla təmin edilməyən kəndlərin, bir sıra yaşayış məntəqələrinin qaz almayan genişlənən hissələrinin mavi yanacaqla təmin edilməsi ilə bağlı olub. Aksiyaya Siqanlı, Mardəsən, Ucakərən, Maşxan kəndlərindən, habelə Kijəbə qəsəbəsindən qatılan sakinlər təbii qaz olmaması səbəbindən üzləşdikləri çətinliklərdən söz açıblar. Bundan başqa, Astara Olimpiya İdman Kompleksinin direktoru Aslan Ağayev bu cür aksiyaların təşkilinə görə qurumun rəhbərliyinə təşəkkür edərək, kompleksdə istehlak olunan təbii qaza görə yaranan debitor borcun hissə-hissə ödənişinə şərait yaradılması ilə bağlı xahiş edib. Aksiyada sakinlərlə yanaşı, sahibkarlar da səyyar qəbul otağının imkanlarından yararlanıblar. Daxil olan bütün müraciətlərlə bağlı yerindəcə izahatlar verilib.