CƏMİYYƏT
Bitki Sağlamlığı Forumu çərçivəsində Latviya və Litvanın nümayəndə heyəti ilə görüşdə ölkələrarası əməkdaşlıq məsələləri müzakirə olunub
Bakı, 25 may, AZƏRTAC
Bakıda keçirilən Bitki Sağlamlığı Forumu çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Latviya Respublikasının kənd təsərrüfatı nazirinin müşaviri Edvards Ratnieks və Litva Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Bitki Xidmətinin direktoru Sergeyus Fedotovasla görüşüb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə ölkəmizdə qida təhlükəsizliyi sisteminin institusional dəyişikliyi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirildiyi, bitki sağlamlığının təmin olunmasının məhsuldarlığın artırılması, beynəlxalq ticarətin asanlaşdırılması və ekoloji tarazlığın qorunması üçün olduqca əhəmiyyətli məsələyə çevrildiyi barədə məlumat verilib. Ölkəmizdə bitki sağlamlığı və bitki mühafizəsi sahələrində hüquqi bazanın təkmilləşdirilməsi, müvafiq sahədə nəzarət sisteminin inkişafı ilə bağlı əhəmiyyətli nəticələrin əldə edildiyi vurğulanıb.
“Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya”nın 8-ci iclası çərçivəsində Latviyaya səfərindən bəhs edən Q.Təhməzli “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi ilə Latviya Respublikasının Qida və Baytarlıq Xidməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun imzalandığını diqqətə çatdırıb. O, səfər zamanı Latviya Respublikasının kənd təsərrüfatı naziri Kaspars Gerhards ilə görüş zamanı müzakirə olunan məsələlərə Latviya tərəfinin çox müsbət yanaşdığını, həmin məsələlərin birgə əməkdaşlıq çərçivəsində həllində yüksək nəticələr əldə olunacağına əminliyini ifadə edib. Həmin sazişin ikitərəfli münasibətlərin gələcək inkişafı üçün normativ əsaslar yaratdığını bildirən Agentlik sədri bütün istiqamətlər, o cümlədən kənd təsərrüfatı məhsulları istehsalı və bitki sağlamlığı sahəsində uzunmüddətli əməkdaşlıq üçün əlverişli imkanların mövcud olduğunu diqqətə çatdırıb.
Görüş zamanı dövlət sərhədləri və gömrük keçid məntəqələrində fitosanitar nəzarətin təmin edilməsi üzrə mütəxəssis mübadiləsi, bitki zərərvericilərindən azad zonanın yaradılmasında texniki dəstək, eləcə də pestisidlərin və gübrələrin qeydiyyatının təkmilləşdirilməsi məsələləri də müzakirə olunub.
Qarşılıqlı əməkdaşlığın gündəliyinə daxil olan məsələlər və maraq doğuran digər mövzularla əlaqədar fikir mübadiləsi aparılıb.