CƏMİYYƏT
Gəncədə hibrid avtomobillərin təmiri üzrə emalatxana qurulacaq
Bakı, 26 may, Rauf Hacıyev, AZƏRTAC
BMT-nin İnkişaf Proqramı Azərbaycanda peşə təhsili sahəsində beş müxtəlif istiqaməti əhatə edən biznes-plan hazırlayıb. Layihəyə uyğun olaraq dəstəklənəcək istiqamətlər bunlardır: şirniyyat -qənnadçı, landşaft dizaynı və tinçilik, mobil telefon və elektron cihazların təmiri, yataqxana xidmətləri, hibrid avtomobillərin təmiri.
Bu sözləri AZƏRTAC-a müsahibəsində BMT-nin İnkişaf Proqramının Azərbaycan üzrə layihə rəhbəri Eltəkin Ömərov deyib.
Layihə rəhbəri bildirib ki, əsas məqsəd əmək bazarının tələblərinə cavab verən peşə təhsilli kadrlar hazırlamaq, gənclərin iş tapmaq imkanlarını, məşğulluq perspektivlərini genişləndirmək və bu istiqamətdə onlara dəstək olmaqdır.
“Hibrid avtomobillərin təmiri üzrə emalatxana ilk dəfə olaraq Gəncə şəhərində Turizm və Xidmət üzrə Peşə Təhsili Mərkəzində qurulacaq. Məhz bu peşə üzrə təhsil alan gənclər, yetkin şəxslər, həmçinin əlilliyi olanlar da gələcəkdə əmək bazarında özlərinə iş tapa bilcəklər”, – deyə E.Ömərov qeyd edib.