İDMAN
Şəfəq Hüseynli: Milli antidopinq qurumlarının ÜADA-da statusu yüksəldilib və səlahiyyətləri genişləndirilib
Bakı, 27 may, AZƏRTAC
Ümumdünya Antidopinq Agentliyində (ÜADA) milli antidopinq qurumlarının səlahiyyətləri artırılacaq. Belə ki, milli antidopinq qurumları ÜADA-nın Təsisçilər Şurasında təmsil olunacaq. Bununla bağlı qərar ÜADA-nın Milli antidopinq qurumları üzrə Ekspert Qrupunun təklifi əsasında qəbul edilib. Hələ 2020-ci ildə Ekspert Qrupunun üzvü, Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli ölkələr üzrə antidopinq siyasətini həyata keçirən milli antidopinq qurumlarının qlobal səviyyədə də antidopinq siyasətinin formalaşmasında iştirakının vacibliyini əsas gətirərək bu məsələnin gündəliyə daxil edilməsini təklif etmişdi. Uzun müddətli müzakirələrdən sonra ÜADA-nın İcraiyyə Komitəsi və Təsisçilər Şurasının Misirdə keçirilən iclasında Ekspert Qrupunun məsələ ilə bağlı yekun təqdimatı dəstəklənib.
AMADA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda ÜADA-nın ali qurumu olan Təsisçilər Şurasında milli antdiopinq qurumlarının və idmançıların təmsil olunması, habelə Ekspert Qrupunun statusunun yüksəldilməsi və bu istiqamətdə müvafiq struktur islahatlarının həyata keçirilməsi təsdiqlənib. Bununla da, ÜADA-nın Təsisçilər Şurasının üzvlərinin sayı 4 nəfər artırılıb. Onlardan ikisi milli antidopinq qurumlarını, ikisi isə idmançıları təmsil edəcək və qəbul ediləcək qərarlarda səsvermə hüquqları olacaq.
Mayın 24-25-də ÜADA-nın Milli antidopinq qurumları üzrə Ekspert Qrupunun İsveçrənin Lozanna şəhərində keçirilən iclasının əsas müzakirə mövzusu da məhz həmin struktur və idarəetmə islahatları olub. İclasda Ekspert Qrupunun üzvü AMADA-nın direktoru Şəfəq Hüseynli iştirak edib.
Qlobal səviyyədə antidopinq siyasətinin təkmilləşdirilməsi baxımından vacib olan islahatların gündəlikdə olduğu iclasda ÜADA-nın baş direktoru Olivie Niqqli də şəxsən iştirak edib və islahatların icra mexanizmi geniş müzakirə olunub. Sözügedən islahatlara əsasən, Ekspert Qrupunun statusu yüksəldilir, Qrup artıq öz təkliflərini və tövsiyələrini bir başa qərarlaşdırılması üçün Təsisçilər Şurasına təqdim edəcək.
Xatırladaq ki, ÜADA-nın Milli antidopinq qurumları üzrə Ekspert Qrupu 2015-ci ildə yaradılıb və AMADA 2019-cu ildən qrupda təmsil olunur. Ekspert Qrupunda bütün dünya üzrə cəmi 8 ölkə təmsil olunur ki, onlardan biri də Azərbaycandır. Qrup milli antidopinq təşkilatları üzrə fəaliyyət strategiyasının hazırlanması və standartların müəyyənləşdirilməsi məsələlərində ÜADA-ya tövsiyələr verir.