CƏMİYYƏT
FHN-in qurum və regional mərkəzlərində 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə tədbirlər keçirilib
Bakı, 25 iyun, AZƏRTAC
26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Fövqəladə Hallar Nazirliyinin (FHN) qurum və regional mərkəzlərində tədbirlər keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirlərdə əvvəlcə, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və xalqımızın müstəqilliyi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Toplantılarda Ordumuzun yaradılma tarixindən, Silahlı Qüvvələrimizin keçdiyi şərəfli yoldan danışılıb. Qeyd edilib ki, ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə ordu quruculuğunu, milli hərbi kadrların hazırlanmasını, Silahlı Qüvvələrin təkmilləşdirilməsi və maddi-texniki bazasının gücləndirilməsini daim diqqətdə saxlayıb. Bu mütərəqqi siyasətin davamı olaraq respublikamızda ordunun daha da inkişafı və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində dövlətimizin başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu, davamlı və məqsədyönlü islahatların əhəmiyyətindən danışılıb, günü-gündən qüdrətlənən Ordumuzun maddi-texniki təminatının durmadan yüksəldiyi, hərbi sahəyə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərildiyi vurğulanıb. Vurğulanıb ki, məhz bunun sayəsində torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən şanlı 44 günlük Vətən müharibəsi Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən güclü orduları sırasında olduğunu sübut etdi.