REGİONLAR
Professor Vaqif Qələndər: Naxçıvanda müasir səhiyyə infrastrukturu yaradılıb
Naxçıvan, 27 iyun, Rauf Kəngərli, AZƏRTAC
Muxtar respublikada əhalinin sağlamlığının qorunması istiqamətində mühüm işlər görülüb, müasir səhiyyə infrastrukturu yaradılıb. Tibbi xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması üçün lazımi tədbirlərin həyata keçirilməsi isə Naxçıvanda səhiyyənin davamlı inkişafına şərait yaradır.
AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində bu sözləri Azərbaycan Plastik Cərrahlar Assosiasiyasının sədri, tibb elmləri doktoru, professor Vaqif Qələndər deyib.
Ötən günlərdə Naxçıvanda keçirilən I Beynəlxalq Tibbi Forumda iştirak etdiyini diqqətə çatdıran Vaqif Qələndər bildirib ki, ölkəmizdə ilk dəfə bu səviyyədə təşkil edilən tədbir həm də tibb elminin inkişafına verəcəyi töhfə baxımından da əhəmiyyətli nəticələrlə yadda qaldı. Belə ki, beynəlxalq səviyyəli alimlər, bir çox ölkələrin Tibb universitetlərinin rektorları forumda iştirak etdilər. Bütün bunlar həkimlər arasında təcrübə mübadiləsinin aparılmasına şərait yaratdı. Bu, başlanğıcdır və inanırıq ki, gələcəkdə də belə mötəbər tədbirlər keçiriləcək.
“Bölmə iclaslarında tibb elminin bir sıra sahələrini əhatə edən mövzularda çıxışlar oldu, qarşılıqlı fikir mübadiləsi aparıldı. Mən də plastik və rekonstruktiv cərrahiyyə mövzusunda keçirilən bölmə iclasında çıxış etdim. İclasda ən müasir protokolla aparılan müalicə üsulları ilə tanış olduq, apardığım əməliyyatlarda tətbiq etdiyim yeni üsulları iştirakçıların diqqətinə çatdırdım”, - deyən Vaqif Qələndər qeyd edib ki, süd vəzi rekonstruksiyası ilə bağlı Azərbaycan Tibb Universitetində apardığı işlər və müəllifi olduğu yeni metodika ABŞ-da qəbul olunub. Bu, Azərbaycan səhiyyəsinin həm də elmi baxımdan inkişafını göstərən əsaslı nümunələrdən biridir. Bu metodun bir sıra dünya ölkələrində “Vaqif Qələndər metodu” adlandırılması da qürurvericidir. Forumda bu metod da slaydlarla iştirakçıların diqqətinə çatdırılıb.
Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində yaradılan şərait barədə də danışan professor bildirib ki, burada gələcəyin bilikli, peşəkar həkim kadrlarının formalaşması üçün bütün imkanlar mövcuddur. Bu, onu göstərir ki, muxtar respublikada ümumilikdə, təhsilin inkişafına ciddi önəm verilir, yüksəkixtisaslı kadrların hazırlanmasına xüsusi diqqət göstərilir.