DÜNYA
Məşhur “Rappler” nəşrinin bağlanması barədə növbəti dəfə qərar qəbul edilib
Tokio, 29 iyun, AZƏRTAC
Filippinin Qiymətli Kağızlar və Birjalar Komissiyası növbəti dəfə məşhur “Rappler” nəşrinə qeydiyyat barədə şəhadətnamənin verilməsindən imtina qərarı qəbul edib. Həmin nəşrin baş direktoru ötən il Nobel mükafatına layiq görülən Mariya Ressadır.
AZƏRTAC xəbər verir ki, komissiya həmin qərarla şirkətlərin qeydiyyatı və monitorinq şöbəsinə nəşrin reyestrə qoşulması barədə sertifikatın geri alınması ilə bağlı göstəriş verib.
İyunun 29-da məsələyə münasibət bildirən “Rappler” nəşri ölkənin Ali məhkəməsinə qədər müdafiə hüququna malik olduğunu bəyan edib. Bəyanatın mətnində deyilir ki, nəşr üçün bu adi haldır və məhkəmənin qərarı olmadan dərhal icra edilə bilməz.
Xatırladaq ki, 2012-ci ildə təsis edilən “Rappler” nəşri Prezident Rodriqo Dutertenin administrasiyasının fəaliyyətinə tənqidi münasibətinə görə dəfələrlə təzyiqlərə məruz qalıb.
Norveçin Nobel mükafatı komitəsi oktyabrın 8-də 2021-ci il üzrə dünya sülh mükafatının Mariya Ressaya və Rusiyanın “Novaya qazeta” nəşrinin baş redaktoru Dmitri Muratova verilməsi barədə qərar qəbul edib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio