REGİONLAR
Naxçıvanda “STEAM yay məktəbi”nə start verilib
Naxçıvan, 29 iyun, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə keçirilən, Ağbulaq İstirahət Mərkəzində təşkil olunan növbəti “STEAM yay məktəbi”nin açılış tədbiri olub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikası təhsil naziri Rəhman Məmmədov təhsil sistemində yeni metodların tətbiqinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, STEAM təhsilinin əhəmiyyəti nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2021-ci il iyunun 7-də “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalanıb. Sərəncama uyğun olaraq muxtar respublikanın ümumtəhsil məktəblərində STEAM təhsil metodunun tətbiqinə başlanılıb. Sərəncamdan sonra qısa müddət ərzində 106 təhsil müəssisəsində STEAM kabinəsi yaradılıb, 22 mindən çox şagird STEAM təhsilinə cəlb olunub. Hazırda STEAM-lə bağlı 4-cü layihə icra olunur. Əlavə olaraq 50 ümumtəhsil məktəbində də kabinələrin yaradılması istiqamətində işlər davam etdirilir. Hazırda Naxçıvan şəhərində STEAM Təlim-Tədris Mərkəzi qurulur.
Diqqətə çatdırılıb ki, cari tədris ilində Naxçıvanda ilk dəfə olaraq “STEAM təhsili: reallıqlar və perspektivlər” beynəlxalq elmi-praktik konfrans, şagird və tələbələrin iştirakı ilə “STEAM təhsil festivalı” keçirilib. STEAM təhsilinin muxtar respublikada qısa müddətdə tətbiq edilməsinə baxmayaraq, festivalda 640 şagird 204 layihə ilə iştirak edib. Bunlar isə muxtar respublikada STEAM təhsilinin uğurlu tətbiqinin əsas göstəriciləridir.
Nazir qeyd edib ki, şagirdlərin asudə vaxtının səmərəli keçirilməsi məqsədilə iyunun 30-dək muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün “STEAM yay məktəbi”nə start verilir. Proqram üzrə şagirdlər STEAM düşüncəsi və metodikası, XXI əsr bacarıqları, fənlərarası əlaqə, layihə əsaslı öyrənmə, innovativ təlim metodikaları kimi istiqamətlərdə məlumatlarla tanış olacaqlar. Proqram əsasında şagirdlərə micro:bit vasitəsilə kodlama, müxtəlif mühəndis-dizayn həllərinin prototipləşdirilməsi və digər bu kimi istiqamətlərdə praktiki biliklər veriləcək və təlimi uğurla başa vuran şagirdlər Təhsil Nazirliyi tərəfindən sertifikatla təmin ediləcəklər.
Rəhman Məmmədov təhsildə innovasiyaların tətbiqi üçün yaratdığı şəraitə görə təhsil işçiləri adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
STEAM üzrə təlimçi-müəllim Ceyran Məmmədova qeyd edib ki, “STEAM yay məktəbi”ndə tədris prosesində innovativ bir qurğu kimi öyrədilən 3D printerlərin işləmə prinsipi, prototiplərin çap olunması, Tinker Cad proqramında isə eskiz layihələr, müxtəlif fiqurlardan modellər hazırlamaqla şagirdlər yaradıcılıq, problem həlletmə kimi bacarıqları daha yaxşı mənimsəyəcəklər.
Tədbirdə STEAM təlimçisi Fuad Babayev çıxış edərək bildirib ki, “STEAM yay məktəbi”nin proqramına uyğun olaraq şagirdlərə Humanoid robot, Qdee starter və makeblock mbot təhsil dəstlərinin kodlaşdırılması və funksiyalarınin idarə olunması izah ediləcək, proqramlaşdırdıqları robotlarla əyləncəli yarışmalar təşkil olunacaq. CNC-də isə müxtəlif materiallar üzərində kəsmə, oyma əməliyyatlarının yerinə yetirilməsi, layihə konstruksiyalarının hazırlanması şagirdlərə çatdırılacaq.
Sonda şagirdlər qdee starter və makeblock mbot robotları ilə hazırlanan futbol və basketbol robot yarışlarını təqdim ediblər.