CƏMİYYƏT
İyun ayında ilansancma ilə əlaqədar Kliniki Tibbi Mərkəzə 16 müraciət edilib
Bakı, 1 iyul, AZƏRTAC
İyun ayında dərman zəhərlənməsi nəticəsində 42, allergik reaksiyalar nəticəsində 14, sirkədən zəhərlənmə ilə əlaqədar 8 nəfər Bakı şəhər Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinə müraciət edib. Təəssüf ki, sirkə turşusundan zəhərlənən orta yaşlı bir nəfərin həyatını xilas etmək mümkün olmayıb.
Bu barədə AZƏRTAC-a mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov məlumat verib.
Baş həkimin verdiyi məlumata görə, ötən ay ilansancma ilə əlaqədar mərkəzə 2-si uşaq olmaqla 16 müraciət edilib və zərərçəkənlərə ilkin yardım göstərilərək onları həyatda saxlamaq mümkün olub.
Toksikoloq onu da qeyd edib ki, havaların isinməsi, yay aylarında əhalinin istirahət üçün təbiət qoynuna üz tutması ilan sancması hallarının artmasına səbəb olur. Ona görə də ilkin tibbi yardımın düzgün göstərilməsi çox vacibdir: “İlan sancması zamanı qətiyyən yaranı kəsmək, çərtmək, yandırmaq, sarımsaq və ya qatıq kimi vasitələri sürtmək olmaz. Əlavə müdaxilələr edilməsi həmin hissəni yaraya çevirə bilər və onun sağalması daha uzun müddət tələb edir. İlan sancması baş verəndə bədənin ilan dişləyən hissəsi hərəkətsiz vəziyyətə gətirilməlidir. Həmin nahiyə buz qoyulmalı və yod məhlulu ilə dezinfeksiya edilməlidir. Xəsarət almış şəxsə ilkin tibbi yardım göstərildikdən sonra yaxında olan tibb müəssisəsinə çatdırmaq lazımdır”.
O, ilan sancması zamanı müşahidə olunan ilkin əlamətlər barədə də məlumat verib: “İlan sancandan sonra ilk olaraq ağrı hiss edilir, daha sonra qızartı və şiş əmələ gəlir. Vaxt keçdikcə əmələ gələn şiş yuxarı ətraflara doğru artmağa başlayır. Təcrübə də göstərir ki, ilan aşağı ətrafdan dişləyərkən şiş insanın boynuna qədər qalxır və həmin şiş bədənin bütün funksiyalarını poza və xoşagəlməz halların yaşanmasına gətirib çıxara bilər. Ona görə də ilan sancması zamanı düzgün ilkin yardım göstərilməli, sonra isə təcili olaraq zərərçəkən xəstəxanaya aparılmalıdır”.