ELM VƏ TƏHSİL
Türkiyənin Uşak Universiteti BDU ilə əməkdaşlığa maraqlıdır
Bakı, 1 iyul, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Türkiyənin Uşak Universitetinin rektoru Ekrem Savaşla görüşüb.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Görüşdə rektor E.Babayev qonağa BDU-nun tarixi, fəaliyyəti, strukturu, tədris və elmi fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd edilib ki, BDU Azərbaycanın ən böyük universitetidir. Universitetdə hazırda 16 fakültə, 120 kafedrada ali təhsilin bütün səviyyələrində 25 minə yaxın tələbə təhsil alır, 3 minə qədər əməkdaş, o cümlədən 1500 nəfərə qədər professor-müəllim heyəti və elmi işçi çalışır. BDU “Times Higher Education” nüfuzlu beynəlxalq reytinq siyahısında yer alan ilk Azərbaycan ali məktəbidir və əsas elm, təhsil reytinqlərində ölkə üzrə liderliyini qoruyub saxlayır.
E.Babayev qardaş Türkiyə universitetləri ilə əməkdaşlığın və ikili diplom proqramlarının qəbulunun BDU üçün mühüm əhəmiyyət kəsb etdiyini deyib.
Rektor Ekrem Savaş rəhbərlik etdiyi universitet barədə məlumat verib, BDU ilə elmin müxtəlif sahələri üzrə əməkdaşlığa hazır olduğunu qeyd edib. O bildirib ki, 2006-cı ildən fəaliyyət göstərən Uşak Universitetinin 14 fakültəsi, 11 peşə məktəbi, 26 mindən çox tələbəsi var.
Görüşdə BDU ilə Uşak Universiteti arasında əlaqələrin perspektivləri, ikili diplom proqramlarının qəbulu, birgə tədqiqatların aparılması, ortaq konfrans və simpoziumların keçirilməsi ilə bağlı müzakirələr aparılıb.