CƏMİYYƏT
Medianın İnkişafı Agentliyi ilə Mediasiya Şurası arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
Bakı, 4 iyun, AZƏRTAC
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov və 13 saylı Mediasiya təşkilatının rəhbəri İlham Mehtiyev ilə görüşüb.
Agentlikdən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı Nadir Adilov Mediasiya Şurasının həyata keçirdiyi fəaliyyət haqqında məlumat verib. O, media sahəsində mediatorların hazırlanmasında maraqlı olduqlarını, bununla əlaqədar olaraq media mütəxəssisləri üçün mediasiya kurslarının təşkil olunmasının əhəmiyyətini vurğulayıb.
Əhməd İsmayılov tərəfindən Mediasiya Şurası ilə birgə əməkdaşlıq perspektivləri, “Media haqqında” Azərbaycan Respublikası Qanunu və media sahəsinin qanunvericilik aspektindən təhlil edilməsi, imkanların araşdırılması, həmçinin təhlillərin nəticələrinə əsasən, qurumlararası birgə layihələrin həyata keçirilməsi təklif olunub. İcraçı direktor Agentliyin media sahəsində peşəkarlığının artırılması, o cümlədən mübahisələrin həll edilməsi üçün Mediasiya Şurası ilə əlaqələrin genişləndirilməsinin vacibliyinə toxunub.
Görüşdə hər iki tərəfi maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.