CƏMİYYƏT
22 aprel-Beynəlxalq Yer Günüdür VİDEO
Bakı, 22 aprel, AZƏRTAC
Beynəlxalq Yer Günü 1970-ci il 22 aprel tarixindən etibarən qeyd olunmağa başlanılıb. 1882-ci ildə ABŞ-ın Nebraska ştatında Corc Mortonun şərəfinə onun doğulduğu 22 aprel günü rəsmi olaraq ştatda bayram günü elan edilıbdir. 1970-ci ildə “Ağac günü”nün adı dəyişdirilərək “Yer günü” adlandırılıb. Həmin vaxtdan bu bayram beynəlxalq miqyas alıb. 141 ölkəni təmsil edən 20 milyondan çox adam bu günü bayram edir.
XXI əsrin əvvəllərində Azərbaycanda da milli parkların şəbəkəsi genişləndirilib. 2003-cü ildə Azərbaycan Prezidentinin sərəncamı ilə Bakı şəhərinin Qaradağ rayonunu, Salyan və Neftçala rayonlarını əhatə edən Şirvan Milli Parkı, Ağcabədi və Beyləqan rayonlarını əhatə edən Ağgöl Milli Parkı yaradılıb. Ümumilikdə isə Azərbaycan ərazisində 9 milli park var.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hər il 22 aprel - Beynəlxalq Yer Günü ilə əlaqədar müxtəlif tədbirlər həyata keçirilir, ətraf mühitin mühafizəsi sahəsində ictimaiyyət arasında təbliğat işləri aparılır.
Bu il də Beynəlxalq Yer Günü ilə əlaqədar paytaxtda və regionlarda ictimaiyyətlə birgə iməciliklər keçirilərək yaşıllıqlara qulluq edilir, təmizlik işləri aparılır, təhsil müəssisələrində ekoloji təbliğat xarakterli görüşlər, seminar məşğələlər təşkil edilir.