İQTİSADİYYAT
22 rayonda içməli su təchizatı sisteminin qurulması üçün 14 milyon manat ayrılıb
Bakı, 17 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əhalinin içməli su ilə təmin edilməsi məqsədilə 22 rayonun 267 min nəfərdən çox əhalisi olan 170 yaşayış məntəqəsində içməli su təchizatı sisteminin qurulması üçün “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 14 milyon manat vəsaitin ayrılması ilə bağlı Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncamda Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməli olduğu bildirilir.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurlu icrası nəticəsində əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib. Əhalisinin sayı 579 min nəfərdən çox olan 28 şəhər və rayon mərkəzində içməli su təchizatı sistemi yenidən qurulub, 24 rayonun 620 min nəfərdən çox əhalisi olan 384 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular quraşdırılıb, 49 rayonun 360 min nəfərdən çox əhalisi olan 343 yaşayış məntəqəsində içməli su təchizatı sistemi qurulub.
Hazırda 790 min nəfər əhalisi olan 16 şəhər və rayon mərkəzində içməli su təchizatı sisteminin yenidən qurulması, 15 rayonun 77 min nəfərdən çox əhalisi olan 100 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğuların quraşdırılması işləri aparılır.