REGİONLAR
Füzulidə şəhidlərin xatirəsinə inşa olunan abidə açılıb
Füzulidə şəhidlərin xatirəsinə inşa olunan abidə açılıb
Füzuli, 27 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC
Füzuli rayonu Bala Bəhmənli kəndində şəhidlərin xatirəsinə ucaldılan abidənin açılışı olub. Abidədə Bala Bəhmənli kəndindən olan Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin şəkilləri və onlar haqqında məlumatlar əks olunub.
Abidənin açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Alı Alıyev, Milli Məclisin deputatı Vüqar Bayramov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, çıxış edən icra başçısı 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan ordu quruculuğu siyasətinin nəticəsi olduğunu diqqətə çatdırıb. Xalqımıza Qələbə sevinci yaşadan qəhrəman şəhidlərimizin əziz xatirələrinin əbədi olaraq yaşayacağını vurğulayan Alı Alıyev, şəhid ailələrinə və qazilərə həssas münasibət göstərməsinin hər kəsin vətəndaşlıq borcu olduğunu bildirib. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərə hər zaman diqqət və qayğı ilə yanaşdıqlarını vurğulayan icra başçısı, 27 sentyabr tarixinin Anım Günü kimi qeyd olunmasını bu diqqət və qayğının daha bir təzahürü olduğunu söyləyib.
Deputat Vüqar Bayramov çıxış edərək, 44 günlük Vətən müharibəsində qazanılan Qələbəni şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı bahasına əldə etdiyimizi deyib. Ölkə rəhbərliyinin həssas təbəqədən olan insanları hər zaman diqqət mərkəzində saxladığını vurğulayan deputat, bu istiqamətdə hazırlanan sosial paketlərin davamlı xarakter daşıdığını diqqətə çatdırıb.
Çıxış edən şəhid ailələri və qazilər onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Daha sonra İkinci Mahmudlu kəndində yerləşən, Vətən müharibəsi zamanı 2000-nə qədər şəhidimizin ilk namazının qılındığı, şəhidlərin ruhuna ehtiram əlaməti olaraq “Şəhidlər məscidi” adlandırılan məscid ziyarət olunub, dualar oxunub.