ELM VƏ TƏHSİL
Aşqarlar Kimyası İnstitutunda Anım Günü qeyd olunub
Bakı, 28 sentyabr, AZƏRTAC
Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun (AKİ) Yeni Azərbaycan Partiyası (YAP) ilk ərazi təşkilatı, Azad Həmkarlar Təşkilatı və Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününə həsr olunan tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a Aşqarlar Kimyası İnstitutundan məlumat verilib.
Vətən müharibəsində qəhrəmancasına həlak olan şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlanılan mərasimdə çıxış edən AKİ-nin baş direktoru akademik Vaqif Fərzəliyev bildirib ki, 27 sentyabr heç zaman xalqımızın yaddaşından silinməyəcək: “Çünki bu gün həm şəhidlərimizi anmaq, həm də qürur günümüzdür. Ona görə ki, məhz bu gündə uzun illər işğal altında qalan torpaqlarımızın azad olunmasına başladıq və 44 gün müddətində qəhrəman oğullarımızın hesabına bu missiyanı yerinə yetirdik. O vətənpərvər gənclərimiz bu problemi gələcək nəsillərə saxlamadılar”.
Akademik rəhbərlik etdiyi İnstitutun I Qarabağ müharibəsində ordumuzun strateji məhsullarla təmin olunmasında xüsusi xidmət göstərdiyini qeyd etməklə, 44 günlük Vətən müharibəsində isə institut əməkdaşlarının yaxın ailə üzvlərinin könüllü surətdə döyüşə getdiyini və qazi olduğunu söyləyib: “Onlardan ikisi hazırda bugünkü tədbirimizdə iştirak edir”.
Tədbirdə AKİ Gənc Alim və Mütəxəssislər Şurasının sədri Günay İsmayılova şəhidlərə həsr olunan videotəqdimatla çıxış edib.
Sonra Qarabağ qaziləri – Rüfət Salmanov və Məqsəd Məmmədli müharibə təəssüratlarını bölüşüblər, keçdikləri döyüş yolundan, xalqın həmrəyliyi və birliyindən, onlara dövlətin yüksək diqqət və qayğısından danışıblar.
İnstitutun icraçı direktoru, YAP İdarə Heyətinin üzvü, kimya elmləri doktoru Əfsun Sucayev, AKİ Qadınlar Şurasının sədri professor Həqiqət Cavadova çıxış edərək Anım Gününün şəhidlərimizin xatirəsinə böyük ehtiramın əlaməti olmasını qeyd ediblər.
Sonda qazilərə təşəkkürnamələr və hədiyyələr təqdim olunub.