CƏMİYYƏT
Oktyabrın 20-də AQTA sədri Lənkəranda vətəndaşları qəbul edəcək
Bakı, 28 sentyabr, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2022-ci ilin oktyabr ayı üzrə regionlarda vətəndaş qəbulu qrafikinə uyğun olaraq, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli oktyabrın 20-si saat 10:00-da Lənkəran şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı rayonlarından olan vətəndaşları qəbul edəcək.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, vətəndaşlar qida məhsullarının təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətinə dair normativ tənzimləmə, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı, qida təhlükəsizliyi, fitosanitar, baytarlıq sertifikatlarının verilməsi və agentliyin digər səlahiyyət dairəsinə aid məsələlərlə bağlı adını, soyadını, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə, [email protected] elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq oktyabrın 19-dək qəbula yazıla bilərlər.
Eyni zamanda, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) qeyd olunan regionlar üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən, qida məhsulları mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi, metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi, tibbi profilaktika, aqronomluq, bitki mühafizəsi, kimya, biologiya, torpaqşünaslıq və aqrokimya, baytarlıq, balıqçılıq və balıqçılıq təsərrüfatı işi ixtisasına yiyələnmiş vətəndaşlar müraciət edə bilər.