SİYASƏT
Qırğızıstanın “Veçerniy Bişkek” qəzetinin saytında Ermənistanın təxribatları barədə məqalə dərc olunub
Bakı, 28 sentyabr, AZƏRTAC
Qırğızıstanın populyar “Veçerniy Bişkek” qəzetinin saytında Ermənistanın Azərbaycana qarşı son təxribatları barədə məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə sərhədlərdə vəziyyətin gərginləşməsinin, ölkələrin müxtəlif regionlarında hərbi əməliyyatların çox qəribə də olsa, mühüm beynəlxalq görüşlərlə - BMT-nin Baş Assambleyasının 77-ci sessiyası ilə vaxt baxımından üst-üstə düşdüyü vurğulanır. Qeyd olunur ki, bütün bunlar bu hadisələrin təsadüf olmadığı barədə müxtəlif fikirlərə sövq edir.
Müəllif yazır ki, Azərbaycan və Ermənistan arasında münaqişə əlbəttə, bu il sentyabrın 13-də başlamayıb, münaqişə artıq 30 ildən çoxdur lokal insidentlərlə, odlu silahdan istifadə və müvəqqəti barışıqla davam edir. Məqalədə deyilir: “Sentyabr ayında münaqişə gərginləşəndən sonra ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana təcili səfəri sanki, odun üzərinə yağ tökmüş oldu. Həm də Pelosi Azərbaycana səfər etməyib – görünür, başa düşüb ki, Azərbaycan heç bir təxribata getməz, çünki bu münaqişədə ədalətli və düzgün mövqe tutur, əsas prinsipə - dövlətlər qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü, suverenliyini və toxunulmazlığını tanımalıdırlar, bütün mübahisəli məsələləri danışıqlar masası arxasında həll etmək lazımdır prinsipinə möhkəm bağlıdır”.
Məqalədə oxucuların diqqətinə çatdırılır ki, İrəvan təklif olunan sülh sazişinin baza prinsiplərini sözdə qəbul edib, lakin o, öz ordusunu Qarabağdan çıxarmır və əraziləri minalamaqda davam edir. Bu yaxınlarda “Qisas” əməliyyatı çərçivəsində Kəlbəcər və Laçın istiqamətlərində bəzi hərbi postlar Azərbaycan ordusu tərəfindən nəzarət altına alınıb. Təkcə bir yerdə 900-dən çox piyadaəleyhinə mina aşkarlanıb ki, bunlar da 2021-ci ildə Ermənistanda istehsal olunub. Bu onu göstərir ki, Ermənistan öz minalama siyasətini davam etdirir.
Materialda Prezident İlham Əliyevin bu sözləri vurğulanır ki, mahiyyət etibarilə sərhədlərin delimitasiyası məsələsinə dair Ermənistanla danışıqlar aparılmır. Bakı bütün zəruri xəritələri hazırlayıb, lakin proses tamamilə formal xarakter daşıyır və heç bir müzakirə yoxdur. Müəllif yazır: “İtkin düşənlər barədə məsələ də Ermənistan tərəfindən həll olunmur. Xarici tərəfdaşları və dövlət başçıları ilə görüşlər zamanı Prezident İlham Əliyev tərəfindən bu mövzu həmişə qaldırılır. Halbuki yaxşı məlumdur ki, buradakı kütləvi məzarlıqlar barədə Ermənistan hökumətinin məlumatı var, lakin o, bu məlumatı gizlədir”.
Məqalədə Azərbaycan XİN başçısı Ceyhun Bayramovun sözlərindən misal gətirilərək qeyd olunur ki, Bakı sülh təşəbbüslərinə həmişə açıqdır və əvvəlki kimi Ermənistanla dialoqa və sülh sazişinin imzalanmasına tərəfdardır. Son iki ildə regionda məhz Azərbaycan bütün sülh təşəbbüslərinin müəllifi kimi çıxış edib. O həmişə Cənubi Qafqazda uzunmüddətli və möhkəm sülhün bərqərar olmasına yönəlmiş addımlar atıb. Müharibədən ötən iki ildə regionda bütün sülh təşəbbüsləri məhz Azərbaycan tərəfindən irəli sürülüb. Lakin Ermənistan tərəfi bu təşəbbüsləri dəstəkləməyib.