CƏMİYYƏT
® “Erkən diaqnostika həyat xilas edir!”- Dr. Sevinc Musayeva
Süd vəzi xəstəliklərinin erkən diaqnostikası və adekvat müalicəsi problemləri son vaxtlar aktuallaşıb. Riskli xəstəliklər arasında bu patologiyanın yayılması sürətlə artır. Qadınlara onların “qorxulu yuxusu” olan süd vəzi xərçəngi diaqnozu qoyulsa belə, onu erkən mərhələdə müalicə edib, tamamilə aradan qaldırmaq mümkündür. Süd vəzi xəstəliklərinin öldürücü təsirindən qorunmaq üçün qadınların mütəmadi olaraq USM müayinəsindən keçməyi tövsiyə olunur.
Dr. Sevinc Musayeva bu sahədə işinin peşəkarı olan həkim-radioloqdur. O, 1986-cı ildə Laçın rayonunda anadan olub. Sevinc xanım 2003-cü ildə orta məktəbi bitirdikdən sonra, Azərbaycan Tibb Universitetinin Tibbi biologiya fakültəsinə daxil olur. 2008-ci ildə universiteti bitirib, Milli Onkologiya Mərkəzində internatura keçir. 2010-cu ildən həmin mərkəzdə Qadın sağlamlığı şöbəsində şüa-diaqnostikası üzrə həkim olaraq işə başlayan Sevinc Musayeva 2022-ci ilə qədər sahəsi üzrə müxtəlif klinikalarda fəaliyyətini davam etdirir.
Gənc həkim 2011-ci ildən etibarən tibb təhsilini təkmilləşdirmək, yeni biliklər, bacarıqlar və fərqli təcrübələr qazanmaq üçün “Süd vəzi” mövzusunda hər il xaricdə, o cümlədən Rusiyanın Moskva, Türkiyənin İzmir və İstanbul şəhərlərində keçirilən müxtəlif konfrans və master-klaslarda iştirak edib, tezis təqdimatını həyata keçirib.
2022-ci ilin mart ayından etibarən Dr. Sevinc Musayeva Baku City Hospital klinikasında “Mammo-Radiologiya şöbəsinə şöbə müdiri vəzifəsinə təyin olunur. Qeyd edək ki, süd vəzi xəstəliklərinin müayinəsi vaxtında düzgün diaqnozların təyin olunması, biopsiyaların icra olunması və müalicənin başlaması baxımından çox önəmlidir.
Həkim radioloq bununla bağlı bildirir ki: “Qadınlar unutmamalıdır ki, sağlam qadın - sağlam həyat, sağlam ailə, sağlam övlad deməkdir. Şöbəmizdə ən son texnologiyalı və innovasyon yeni mamaoqrafiya-tomosintez cihazı, USM avadanlığı ilə ən son metodlarla süd vəzi xəstəliklərinin işarələmə sistemi və müxtəlif biopsiyalar mövcuddur”.
Gələcək planlarından danışan Dr. Sevinc Musayeva qeyd edir ki: “Bu sahədə ən böyük hədəfim cəmiyyətimizin dayağı olan qadınların sağlamlığının keşiyində durmaq və onları hər zaman xoşbəxt görməkdir”.