DÜNYA
Almaniya “Şimal axını” qaz kəmərləri ilə bağlı insidentin təhqiqatında iştirak edir
Bakı, 28 sentyabr, AZƏRTAC
Almaniya Hərbi Dəniz Qüvvələri “Şimal axını-2” qaz kəmərində və “Şimal axını” boru kəmərinin iki xəttində təzyiqin düşməsi ilə bağlı aparılan təhqiqatda iştirak edir.
AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, bu barədə AFR-in müdafiə naziri Kristine Lambrext məlumat verib.
“Baltik dənizində ehtimal olunan diversiya bizim mühüm infrastrukturlardan, o cümlədən sualtı infrastrukturdan asılı olduğumuza dair daha bir xatırlatmadır”, - deyən nazir bildirib ki, hadisə aydınlaşdırılmalı, təqsirkarlar isə cəzalandırılmalıdır.
Dünən "Nord Stream AG" şirkəti "Şimal axını" və "Şimal axını-2" dəniz qaz kəmərlərinin üç xəttində bazar ertəsi günü "görünməmiş dağıntı" baş verdiyinə dair məlumat yayıb. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın "bu xəbərdən son dərəcə narahat olduğunu" bildirib və boru kəmərlərinin işinin pozulmasının təxribat ola biləcəyini istisna etməyib.
İsveç seysmoloqları kəmərlərin keçdiyi marşrutlarda iki partlayış qeydə alındığını bildiriblər. Hər iki boru kəmərində qaz sızması baş verib. Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bu insidentləri təxribat kimi dəyərləndirərək qeyd edib ki, “Avropanın energetika infrastrukturunun istənilən məqsədyönlü pozulması qəbuledilməzdir və ən qəti cavab tədbirlərinə səbəb olacaq”.