CƏMİYYƏT
“Gənc qızların peşə təhsili, fərdi əmək və sahibkarlıq fəaliyyətinə təşviqi” adlı layihə keçirilib
Bakı, 29 sentyabr, AZƏRTAC
“Gəncliyə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Gənc qızların peşə təhsili, fərdi əmək və sahibkarlıq fəaliyyətinə təşviqi” adlı layihəsi çərçivəsində ilk maarifləndirmə görüşünü həyata keçirib.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, Zərdab şəhər 2 saylı tam orta məktəbində keçirilmiş görüşdə 33 məktəbli gənc qız iştirak edib.
Layihənin məqsədi gənc məktəbli qızları peşə təhsilinə yönləndirmək, onların gələcəkdə karyera qurmalarına və məşğulluq problemlərinin həllinə, gələcək həyatlarında daha səmərəli və risksiz iş əldə etmələrinə kömək etmək, fərdi əmək və sahibkarlıq fəaliyyətlərinə istiqamətləndirməkdən ibarətdir.
Tədbirdən əvvəl Vətən uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla anılıb.
“Gəncliyə dəstək” İctimai Birliyinin sədri Vəfa Xəlilli layihə haqqında məlumat verərək deyib ki, qadınlar savadlı, dünyagörüşlü olmalı, seçdikləri peşələrdə, olduqları sahələrdə lider mövqelərə can atmalıdır. Qadın cəmiyyətin güzgüsüdür. Çünki o, övlad dünyaya gətirir, böyüdür, tərbiyə edir, bir sözlə, cəmiyyəti formalaşdıran insanı yetişdirir. Qadın nə qədər intellektual, peşəkar, özünə inamlı olarsa, onun yetişdirdiyi övlad da bir o qədər cəmiyyət üçün yararlı şəxsiyyət olacaq.
Tədbirdə iştirakçılara materiallar (papka, dəftər, qələm, buklet, təqvim) paylanılıb.
Qeyd edək ki, layihə iki ay olmaqla Zərdab və Ucar rayonlarında həyata keçiriləcək.