DÜNYA
İtaliya Rusiyadan nəql olunan təbii qazın tədarükü ilə bağlı problemi həll etmək ümidindədir
Roma, 5 oktyabr, AZƏRTAC
İtaliyanın “Eni” neft-qaz şirkətinin baş direktoru Klaudio Deskalzi Rusiyanın bu ölkəyə təbii qaz tədarükünü dayandırması ilə bağlı problemin bu həftə ərzində həll olunacağını bildirib.
AZƏRTAC xəbər verir ki, K.Deskalzi Rusiyadan İtaliyaya Avstriya üzərindən qaz nəqlinin normativ problemlərə görə dayandırıldığını diqqətə çatdırıb.
“Rusiyanın “Gazprom” şirkəti təbii qazı Avstriyadan İtaliyaya çatdıran daşıyıcıya maliyyə zəmanəti verməlidir. Lakin şirkət hələ ki, bunu etməyib və nəticədə İtaliyaya təbii qaz tədarükü dayanıb. “Eni” şirkəti bununla bağlı bəzi maliyyə zəmanəti verməyə hazırdır. Təbii qaz həcmləri hazırda Avstriya ərazisindədir və bu məsələ ilə bağlı araşdırmalar aparılır. Ümid edirəm ki, Rusiyadan İtaliyaya qaz nəqli ilə bağlı problem bu həftə ərzində öz həllini tapacaq”, - deyə “Eni” şirkətinin baş direktoru vurğulayıb.
Xatırladaq ki, oktyabrın 1-dən etibarən “Eni” şirkətinin Rusiya qazını qəbul etdiyi Tarvisio ötürücü məntəqəsindən təbii qaz nəqli dayanıb.
İtaliya iyul ayından etibarən Rusiya qazından asılılığını 40 faizdən 25 faizə endirib. Azərbaycan qazının əsas idxalçılarından olan İtaliyanın yeraltı qaz anbarlarının doluluq nisbəti hazırda 90 faiz səviyyəsindədir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma