İQTİSADİYYAT
Xarici gənclər gəmiçilik tariximizlə tanış olublar
Bakı, 5 oktyabr, AZƏRTAC
“Erasmus+” proqramı çərçivəsində Avropa və Asiyanın 18 ölkəsini təmsil edən 100 gənc “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyində olub.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, Azərbaycan, Türkiyə, Macarıstan, Yunanıstan, Sloveniya, Rumıniya, Fransa, Ukrayna, Gürcüstan, Norveç, Portuqaliya, İtaliya, Bolqarıstan, Polşa, Makedoniya, Mərakeş, Pakistan və İspaniyadan olan gənclərə muzeydə xüsusi ekskursiya təşkil edilib.
Dünyanın ilk tanker-muzeyində onlara ASCO-nun fəaliyyəti, gəmiçilik tariximiz və ənənələrimiz barədə ətraflı məlumat verilib. Tanker-muzeyin “Xəzərin Ruhu” zalında mövcud 360 dərəcəlik ekranda Azərbaycanın tarixi, mədəniyyəti, o cümlədən 44 günlük Vətən müharibəsindəki şanlı Qələbəmizi əks etdirən videoçarx iştirakçıların böyük marağına səbəb olub.
İştirakçılar gəmi-muzeydə “sülhə dəstək” şüarı altında yoqa seanslarına qatılıblar.
Tədbirin “Avropada Azərbaycan” adlı mədəni hissəsində isə musiqili proqram təqdim edilib. Azərbaycan milli musiqi alətlərindən ibarət musiqi nümunələri (tar, kamança, nağara, saz və sair), eləcə də milli rəqslərimiz və 236 saylı məktəbin 2-ci sinif şagirdlərinin hazırladığı xüsusi dənizçi rəqsi iştirakçıların diqqətini çəkib. Həmçinin xarici gənclər üçün burada milli atributlarımızdan ibarət mədəniyyət stendi nümayiş olunub.
Azərbaycan Respublikası Prezident Administrasiyasının QHT-lər ilə iş sektorunun müdiri Vüsal Quliyev və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva tədbirdə iştirak ediblər.
Tədbirin uğurla baş tutması üçün “Gənc Könüllülər” İB-nin könüllüləri yaxından dəstək göstəriblər.
Yekunda tədbir iştirakçıları üçün “Suraxanı” gəmi-muzeyinin restoranında əyləncəli proqram təşkil olunub.
Layihənin əsas məqsədlərdən biri Avropa və Asiya qitələrindən olan gənclərin Azərbaycan haqqında məlumatlarını daha da artırmaq, ölkəmizin beynəlxalq imicinə töhfə verməkdən ibarətdir.