REGİONLAR
Qaxda 13,5 min hektar sahədə payızlıq dənlilərin səpini proqnozlaşdırılır
Qax, 5 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Qax rayonunun təsərrüfatlarında gələn ilin məhsulu üçün 13,5 min hektar sahədə payızlıq dənli bitkilərin səpini proqnozlaşdırılır. Əkin sahələrinin 9,2 min hektarına buğda, 4,3 min hektarına isə arpa səpilməsi nəzərdə tutulur. Təsərrüfatlarda bir neçə gündür ki, taxıl səpininə start verilib. İlk günlər Almalı, Qorağan və Zəyəm kəndlərinin ərazilərində 103 hektara dən üçün arpa toxumu səpilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi Ülvi Əzimov məlumat verib.
Qurumun rəsmisi bildirib ki, payızlıq dənlilərin səpini üçün indiyədək rayonun təsərrüfatlarında 11,9 min hektar sahədə şum aparılıb və bu iş davam etdirilir. Səpin üçün 3 min tonadək toxum fondu tələb olunur. Ayrılan toxum laboratoriya müayinəsindən keçirilərək təmizlənib və dərmanlanıb. Səpində iştirak edəcək 290 ədəd müxtəlif təyinatlı traktor və 55 ədəd toxumsəpən aqreqat təmir olunaraq saz vəziyyətə gətirilib.