CƏMİYYƏT
Xətai rayonunda Müəllimlər Günü qeyd olunub
Bakı, 5 oktyabr, AZƏRTAC
Xətai rayonunda 5 oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, rayon prokuroru Sərdar İmanov, rayon icra hakimiyyətinin nümayəndələri, məktəb direktorları, müəllimlər, şəhid ataları, rayon ağsaqqalları və ziyalıları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Qeyd olunub ki, müəllim zəhmətini daim yüksək qiymətləndirən ulu öndər Heydər Əliyevin özü, sözün əsl mənasında, böyük müəllim idi.
Daha sonra tədbir rayon ərazisində yerləşən şadlıq saraylarının birində davam etdirilib.
Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev qeyd edib ki, təhsilə dövlət qayğısı ilbəil daha da artır. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş Dövlət Proqramına əsasən, rayonda yerləşən demək olar ki, bütün məktəblər, uşaq bağçaları əsaslı şəkildə, müasir standartlara uyğun təmir olunur, yeni idman meydançaları tikilir, idman avadanlıqları, fizika, kimya laboratoriyaları ilə təmin olunurlar. Bütün bunlar bir daha ondan xəbər verir ki, ulu öndər Heydər Əliyev tərəfindən təhsilə göstərilən diqqət və qayğı bu gün Prezident İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir.
Əldə olunan nəticələrdən söz açan icra hakimiyyətinin başçısı bildirib: “Xətai rayonunu hər zaman təhsil sahəsində böyük nailiyyətlərə imza atıb. Bu baxımdan, ötən tədris ili də istisna olmamışdır. Belə ki, 2021-2022-ci tədris ilində ali məktəblərə sənəd verən 2861 nəfər məzundan, 2243 nəfəri (77 faiz) tələbə adını qazanıb, 285 nəfər isə xarici universitetlərə qəbul olunub. Bu da siz müəllimlərin, təhsil işçilərinin gərgin əməyinin bəhrəsidir. Keçən il bu rəqəm 75 faiz olub. Bu il də keçən il olduğu kimi, rayonumuzun ali məktəblərə qəbul faizi şəhər göstəricisindən yüksək olub. 50 nəfər məzunumuzun hər biri 650 baldan yuxarı bal toplayıb, 4 məzunumuz isə məktəbi qızıl medalla, 210 məzunumuz fərqlənmə attestatı ilə bitirərək ali məktəblərə daxil olublar. 287 nömrəli Zəkalar liseyinin şagirdi İsgəndər Murad Nazim oğlu və Abbasova Aysel Faiq qızı Prezident təqaüdünə layiq görülüblər. Ali məktəblərə qəbul zamanı Xətai rayonunda 2 məktəb 100 faiz nəticə, 4 məktəb isə 98 faiz nəticə göstərib. Prezident İlham Əliyevin Sərəncamı ilə 2 müəllimimiz “Əməkdar müəllim”, 1 müəlliməmiz “Tərəqqi” medalı, 2 şagirdimiz Respublika Fənn olimpiadasında birinci yerə, 2 şagirdimiz SASMO (Sinqapur Beynəlxalq riyaziyyat olimpiadası) birinci və ikinci yerə, 2 şagirdimiz Kenken Yapon məntiq riyaziyyat olimpiadasında ikinci və üçüncü yerə, 2 şagirdimiz Lütfi Zadə adına məntiq olimpiadasında üçüncü yerə, 3 şagirdimiz 8-ci Amerika Beynəlxalq Riyaziyyat Olimpiadasında birinci yerə, 6 şagirdimiz isə Beynəlxalq Sten Olimpiadasında birinci yerə layiq görülüb”.
Digər çıxış edənlər Prezident İlham Əliyevin səyləri nəticəsində son illər ərzində respublikamızda tikilən və əsaslı təmir olunan təhsil müəssisələri, təhsil işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar, təhsilimizin inkişafında böyük rolu olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlərdən danışıblar.
Tədbirin sonunda Xətai Rayon İcra Hakimiyyəti tərəfindən əməkdə fərqlənmiş və yüksək nəticələr əldə etmiş məktəblərin müəllimlərinə qiymətli hədiyyələr və Fəxri fərmanlar təqdim olunub.