CƏMİYYƏT
Şəhid Qələndər Alıyevin anım mərasimi keçirilib VİDEO
Bakı, 28 noyabr, AZƏRTAC
Çox istəyərdim ki, sizləri Qələndərin şad günü münasibətilə bir yerə yığım. Təəssüf ki, iki il əvvəl bu arzumu elə qəlbimdəcə dəfn elədim. İki övlad anasıyam. Yeganə oğlumun toyunu görmək mənə də nəsib olmadı. Onun bəy otağını bəzəmək əvəzinə məzarını bəzəmişəm. Yoxluğunu qəbul edə bilmirəm. Mənə elə gəlir ki, nə vaxtsa, möcüzə baş verəcək və onu yenidən görəcəyəm. Bəlkə də yaşamaq üçün mənə güc verən elə bu arzu, bu istəkdir. Doğrudur, qəlbim qan ağlayır, amma Qələndərlə fəxr edirəm.
AZƏRTAC xəbər verir ki, bunu Vətən müharibəsi şəhidi Qələndər Alıyevin anası Sevda Vəliyeva noyabrın 28-də keçirilən anım mərasimində deyib.
Mərasimdə Vətən müharibəsi iştirakçıları, qazilər, şəhid ailələri, Nizami Rayon İcra Hakimiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami rayon idarəsinin əməkdaşları, şəhidin doğmaları, dostları və müəllimləri iştirak ediblər.
Anım mərasimi şəhidin məzarının ziyarəti, Dövlət Himninin səsləndirilməsi və ərazi bütövlüyümüz uğrunda canından keçən qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.
Əvvəlcə şəhidin şərəfli həyat və ömür yolu barədə mərasim iştirakçılarına məlumat verilib. Qeyd edilib ki, Qələndər Alıyev 2001-ci il oktyabrın 31-də Bakı şəhərində anadan olub. İdmanın kikboksinq növü ilə məşğul olub və dəfələrlə ölkə çempionatlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 2020-ci ilin yanvarında həqiqi hərbi xidmətə çağırılan Qələndər həmin ilin sentyabrında başlayan Vətən müharibəsinin ilk günlərindən döyüş meydanına atılıb. Füzuli və Ağdərə rayonları, Tərtər rayonunun Talış kəndi və Suqovuşan qəsəbəsi uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 7-də Talış-Suqovuşan istiqamətlərində aparılan hərbi əməliyyatların birində şəhadətə yüksəlib. İki aya yaxın davam edən axtarışlardan sonra şəhidin nəşi tapılıb və 2020-ci il noyabrın 28-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılıb. Ölkə başçısının sərəncamları ilə “Suqovuşanın azad olunmasına görə”, “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
Mərasimdə çıxış edənlər Azərbaycan Ordusunun 44 gün ərzində qazandığı Qələbədən, azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərindən, ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan bəhs ediblər. Şəhidlərin əziz xatirəsinin unudulmayacağı, onların qəhrəmanlıq və şücaətinin gələcək nəsillərə ötürüləcəyi vurğulanıb.
Anım mərasimində şəhidlərin ruhuna dualar oxunub, mərsiyələr və Qələndər Alıyevə həsr olunmuş mahnı səsləndirilib.