İQTİSADİYYAT
“ADY Express” Türkiyədən Azərbaycana iri ölçülü borular daşıyıb
Bakı, 29 noyabr, AZƏRTAC
“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC növbəti layihəni uğurla icra edib.
MMC-dən AZƏRTAC-a bildirilib ki, şirkət Türkiyədən Azərbaycana iri ölçülü boruların daşınmasını həyata keçirib.
Layihə hər birinin çəkisi 10 ton olan 100 ədəd borunun Türkiyədən ölkəmizə daşınmasını nəzərdə tuturdu. Yüklər qardaş ölkənin Arifiyə stansiyasından, Azərbaycanın Şəmkir stansiyasına qədər nəql edilib. Hər boru 1 platformada yerləşdirilib. Onlardan artıq 20-si Azərbaycana çatdırılıb, digərləri yoldadır.
Borular Türkiyə ərazisi ilə 2063 kilometr, Gürcüstan ərazisi ilə 210 kilometr və Azərbaycan ərazisi ilə 118 kilometr, ümumilikdə isə 2391 kilometr yolu qət edərək ünvana çatdırılıb. Daşıma Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə gerçəkləşdirilib.
Qeyd edək ki, “ADY Express” layihənin icrasını Türkiyədəki tərəfdaşı - “Pasifik Eurasia Lojistik Dış Ticaret A.Ş.” şirkəti və Gürcüstandakı tərəfdaşı – “GR Logistics & Terminals” şirkəti ilə birgə təmin edib.