REGİONLAR
Astarada Vətən müharibəsi şəhidi Nail Orucovun xatirəsinə həsr olunan Cənub turniri keçirilib
Astara, 29 noyabr, İlkin Adıyev, AZƏRTAC
“Zirvə” Beynəlxalq İdman Klubunun Astara şəhərində yerləşən universal və multifunksional basketbol arenasında Astara rayon Gənclər və İdman İdarəsinin Azərbaycan Kontakt Karate Federasiyası ilə birgə təsdiq etdikləri əsasnaməyə uyğun olaraq kontakt karate döyüş növü üzrə uşaqlar, yeniyetmələr və gənclər arasında açıq Cənub turniri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib, Vətən uğrunda mübarizədə canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin açılış mərasimində Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini icra edən Rufan Şirinov, Azərbaycan Kontakt Karate Federasiyasının prezidenti Ruslan Abbasov, şəhid polkovnik-leytenant Nail Orucovun oğlu Ruslan Orucov, Azərbaycan Kontakt Karate Federasiyasının cənub zonası üzrə təlimatçı-məşqçisi, Federasiyanın nəzdində “Seiken” Kyokuşin Karate Klubunun direktoru, II dan qara kəmər ustası Azər Ağazadə, Astara Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi, Vətən müharibəsi veteranı Ələskər Əskərov çıxış edərək, yarışın məqsədinin 2020-ci il noyabrın 8-də Vətən müharibəsində şəhid olmuş polkovnik-leytenant Nail Orucovun, eləcə də Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi naminə canından keçmiş şəhidlərimizin xatirəsinin yad olunması, yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, idmançıların fiziki hazırlıq səviyyələrinin yüksəldilməsi və kontakt karate idman növünün kütləviliyinin inkişaf etdirilməsi olduğunu bildiriblər.
Yarışlar beynəlxalq kontakt karate döyüş qaydalarına uyğun olaraq üç versiyada- kontakt, kyokuşin kenbukay, jissenkay versiyaları əsasında müxtəlif yaş və çəki dərəcələri üzrə keçirilib.
Yarışda Bakı şəhərini (5 klub - “Katana”, “Alov”, “Kempo”, “Oyama”, “Qarabağ” İdman Klubları), Astara rayonunu (2 komanda-“Seiken” Kyokuşin Karate Klubu, “Astara Aslan” Əlbəyaxa Döyüş İdman Klubu ), Masallı, Biləsuvar, Cəlilabad, Yardımlı, Lənkəran rayonlarını təmsil edən 12 idman klubunun 162 idmançısı fəxri yerlər uğrunda mübarizə aparıblar.
Sonda müxtəlif çəki dərəcələrində I, II və III yerləri qazanan idmançılar Astara Rayon Gənclər və İdman İdarəsinin, Azərbaycan Kontakt Karate Federasiyasının diplomları və medallar ilə təltif olunublar.