CƏMİYYƏT
İnkişaf və Diplomatiya İnstitutunun “Xəzər Hövzəsi Araşdırmaları” Proqramı fəaliyyətə başlayıb
Bakı, 29 noyabr, AZƏRTAC
ADA Universiteti nəzdində fəaliyyət göstərən İnkişaf və Diplomatiya İnstitutunun ("IDD") İxtisasartırma Proqramları tərəfindən təşkil edilən “Xəzər Hövzəsi Araşdırmaları” Proqramı fəaliyyətə başlayıb.
AZƏRTAC xəbər verir ki, proqramda xarici diplomatlar və dövlət qulluqçuları, beyin mərkəzlərinin və diplomatik institutların nümayəndələri iştirak edirlər. On yeddi ölkəni - Argentina, Belçika, Böyük Britaniya, Braziliya, Gürcüstan, İsrail, İtaliya, Qazaxıstan, Qırğızıstan, Malayziya, Meksika, Özbəkistan, Pakistan, Polşa, Rumıniya, Türkiyə və Ukraynanı təmsil edən 30-dək iştirakçı birhəftəlik proqram vasitəsilə Xəzər regionu ilə yaxından tanış olacaq.
Proqramın açılış mərasimində ADA Universitetinin prorektoru və İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə çıxış edərək “Xəzər Hövzəsi Araşdırmaları”nın yaranma tarixindən, ölkəmizin siyasi, iqtisadi mövqeyi barədə məlumatın artırılmasındakı, həmçinin beynəlxalq ictimaiyyət üzvləri arasında şəbəkələşməni dəstəkləməsindəki rolundan bəhs edib.
ADA Universitetinin Dövlət, xarici və tələbə işləri üzrə prorektorunun müşaviri, İnkişaf və Diplomatiya İnstitutunun direktor müavini Aygün Hacıyeva çıxışında "IDD"nin siyasi araşdırma və təhlilin, eləcə də intellektual müzakirələrin aparıldığı regional mərkəzə çevrilmək, həmçinin istedadlar yetişdirmək və ölkəmizin beynəlxalq təbliğinə dəstək olmaq istiqamətindəki missiya və məqsədlərinə toxunub.
İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramlarının rəhbəri Nərgiz İsmayılova Proqramın 15 ildən çox müddət ərzində əldə etdiyi uğurlardan söhbət açaraq onun dövlət və özəl sektorun, yerli və beynəlxalq qurumların nümayəndələrini bir araya gətirdiyini, onlar arasında dialoqu təmin etdiyini diqqətə çatdırıb.
Qeyd edək ki, Proqram çərçivəsində Xəzər regionun tarixi, geostrateji mövqeyi və iqtisadi imkanları barədə mühazirələr veriləcək. Bununla yanaşı, iştirakçılar Azərbaycanın tarixi, mədəniyyəti, inkişaf strategiyası, regiondakı mövqeyi, qonşu ölkələrlə ikitərəfli münasibətlərinə dair məlumatlandırılacaq. Onların ölkəmizlə bağlı hərtərəfli məlumat əldə etmələri üçün müxtəlif muzeylərə, mədəni, tarixi və digər məkanlara ziyarəti, həmçinin Ağdam şəhərinə səfərləri təşkil ediləcək.